İQTİSADİYYAT
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanmışdır VIDEO
Bakı, 10 aprel (AZƏRTAC). Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) arasında əməkdaşlığa dair memorandumun imzalanması mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, akademiyanın rektoru, akademik Urxan Ələkbərov Prezident İlham Əliyevin elm və təhsilin inkişafına, sosial innovasiyaların geniş tətbiqinə, dövlət qurumlarının fəaliyyətinin şəffaf və səmərəli olmasına xüsusi önəm verdiyini vurğulamışdır.
Rektor respublikada aparılan uğurlu xarici və daxili siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr sayəsində ictimai həyatın bütün sahələrində dinamik inkişafa nail olunduğunu qeyd etmişdir.
U.Ələkbərov tələbələrin elm, təhsil, eləcə də, bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində QKDK ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasına xüsusi önəm verdiyini bildirmişdir.
QKDK-nın sədri Rüfət Aslanlı elm və təhsilin inkişafının müasir Azərbaycanın davamlı siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirmişdir. R.Aslanlı Dövlət İdarəçilik Akademiyası ilə əlaqələrin genişləndirilməsinin burada təhsil alan tələbələrin intellektual potensialının zənginləşdirilməsində, elmi bilik və təcrübə bacarıqlarının artırılmasında səmərəli olacağına inandığını qeyd etmişdir. Sədr bu tədbirdə akademiyada təhsil alan bakalavr və magistr dərəcəli tələbələr arasında elan ediləcək müsabiqənin “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində kapital bazarlarında yüksək peşəkarlığın və məlumatlılığın yüksəldilməsi, eləcə də iqtisadi sahədə biliklər alan tələbələr arasında bu sahəyə marağın artırılması istiqamətində həyata keçirildiyini demişdir.
Sonra QKDK ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının təşkili, “dəyirmi masa”ların, seminarların və müzakirələrin keçirilməsini əhatə edən əməkdaşlıq memorandumu imzalanmışdır.
Tədbirdə, həmçinin QKDK-nın təşkilatçılığı və “Paşa Bank”ın maliyyə dəstəyi ilə Dövlət İdarəçilik Akademiyasında təhsil alan bakalavr və magistr dərəcəli tələbələr arasında “Qiymətli kağızlar bazarının inkişafında tənzimləyicinin rolu” mövzusunda ən yaxşı məqalə müsabiqəsi elan edilərək müsabiqənin keçirilmə və qiymətləndirmə qaydaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.