MƏDƏNİYYƏT
“Qız Qalası” müzakirə olunub
Bakı, 4 oktyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Oktyabrın 4-də "Ktabevim.az" mağazasında ictimai-siyasi xadim, Azərbaycanın Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənovun rus dilində nəşr olunmuş "Qız qalası" ("Девичья башня") kitabının müzakirəsi və "imza günü" keçirilib.
AZƏRTAC xəbər verir ki, "Kitabevim.az" mağazasının rəhbəri, yazıçı-publisist Şəmil Sadiq kitabın tarixi əhəmiyyətindən danışıb. O qeyd edib ki, kitab gələcək nəsillər üçün böyük əhəmiyyət kəsb edən tarixi bir mənbə rolunu oynayacaq. Natiq bildirib ki, müəllif Qız qalası haqqında yaranmış əfsanə və rəvayətlərin bütün versiyalarını özündə birləşdirən, fundamental araşdırma nəticəsində ərsəyə gələn, ciddi mənbələrə söykənən sanbalı bir əsər ortaya qoyub. Ş.Sadiq vurğulayıb ki, Həsən Həsənov Qız qalasının tarixini tamamilə fərqli prizmadan araşdırıb və bir sıra toponimlərin mənşəyinə aydınlıq gətirib.
H.Həsənov kitabı Bakının yaranma tarixi, İçərişəhərdə yerləşən abidələrin, eləcə də Bakının simvolu olan Qız qalasının tarixi simasının qorunub saxlanması və gələcək nəsillərə çatdırılması məqsədilə qələmə aldığını söyləyib. O, əsərdə qədim yazılı mənbələrə müraciət etdiyini, tarixi daş kitabələr, Qobustan qayaüstü yazılardan istinadlar gətirildiyini qeyd edib. Əsaslı mülahizələrə, tarixi mənbələrə söykənən faktlarla zəngin olan kitabda Bakının qədim tarixi əks olunub.
Müəllif bildirib ki, 400 səhifədən ibarət bu kitabda xarici tədqiqatçıların məkrli mülahizələri rədd edilib. İndiyədək tarixi mənbələrdə Qız qalasının əksər hallarda eramızın XII əsrinə aid edildiyini, türk əsilli Azərbaycan xalqına aidiyyəti olmadığının göstərildiyini diqqətə çatdıran Həsən Həsənov qeyd edib ki, kitabın əsas məqsədi Qız qalasının Azərbaycan xalqı tərəfindən tikildiyini aşkara çıxarmaq, bu xalqın hansı dilə və dinə mənsub olduğunu ortaya qoymaqdan ibarətdir. Müəllif əvvəlki mənbələrdə göstərilən fikirlərin yanlış olduğunu qeyd edərək bildirib ki, Qız qalası eramızdan əvvəl VIII əsrdə tikilib. Belə bir qənaətə gəlməyə arxeoloji cəhətdən əsaslar, arqumentlər vardır ki, müəllif bu faktların üzərində dayanıb.
Tədbirdə gənc alimlər, tarixçilər, etnoqraflar və müxtəlif peşə sahibi olan oxucular kitab haqqında maraqlı fikirlərini bölüşüb, əsərin digər dillərə tərcümə edilib yayılmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə nəşr edilən bu kitabın elmi redaktoru mərhum akademik Rasim Əfəndiyevdir.