İDMAN


“Qızıl Qran-pri”yə hazırlaşan sərbəst güləş üzrə milli komandamızın mətbuat üçün açıq məşqi olub

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC 

Noyabrın 24-dən 26-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, yarışa səylə hazırlaşan sərbəst güləş üzrə milli komandamızın mətbuat üçün açıq məşqi olub.

Məşqdən sonra jurnalistlərə açıqlama verən yığmanın sabiq böyük məşqçisi, hazırda baş məşqçi əvəzi vəzifəsinə təyinat alan Firdovsi Umudov heyətdə müəyyən dəyişikliklərin olacağını bildirib.

Təyinatı barədə danışan təcrübəli çalışdırıcı deyib: “Komanda mənə çox yaxındır. Uşaqlarla tanışıq, onlar da məni çox yaxşı tanıyırlar. 2007-2008-ci illərdə çalışdığım yeniyetmələr indi əsas yığmanın üzvləridir. Hacı Əliyev, Cəbrayıl Həsənov, Toğrul Əsgərov məhz belə idmançılardandır. Çalışacağam ki, mənə göstərilən etimadı doğruldum. Güclü məşqçilər korpusumuz var. Bir yerdə işləyib gələcək yarışlarda da nəticələr qazanmağa çalışacağıq. Təbii ki, yığmada son söz baş məşqçinin olur. Mən də çalışacağam ki, idmançıları düzgün təhlil edim və doğru qərar verim”.

Qarşıda duran əsas məqsədin milli komandaya yeni nəfəs gətirmək olduğunu vurğulayan F.Umudov deyib ki, güləşsevərlər, xalqımız daim yarışlarda yeni simalar, güclü güləşçilər görmək istəyirlər. Yeniyetmələrə, gənclərə daha çox üstünlük verməliyik. İndidən təməli möhkəm qoysaq, gələcəkdə bunun bəhrəsini görəcəyik. Hazırda komandada rəqabət çox güclüdür. Dünya Güləş Birliyinin qərarına əsasən, “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində hər çəkidə üç güləşçimiz çıxış edə bilər. Bəzi çəkilərdə 4-5 pəhləvanımızın iştirakı planlaşdırılır. Təlim-məşq toplanışlarında idmançılarımızın hamısını yoxlamışıq. Onlar yarışlara tam hazırdırlar. Güləşçidə ilk növbədə, Vətənə sevgi olmalıdır. Hər məşqdən əvvəl bu barədə idmançılarla söhbətimiz olur. Onlar dərk etməlidirlər ki, beynəlxalq arenalarda ölkəmizi təmsil edirlər və daim bayrağımızı yüksəltməyə, himnimizi səsləndirməyə çalışmalıdırlar. Vətənə sevgi olsa, uğurlarımızın sayı da artacaq. Dövlətimiz, Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi idmançılarımızın yaxşı nəticələr qazanması üçün hər cür şərait yaradıb. Bizim də məqsədimiz etimadı doğrultmaqdır.

Sərbəst güləşçilər mötəbər turnirin birinci günündə mübarizə aparacaqlar. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə yarışların qalibləri müəyyənləşəcək.

İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də keçiriləcək.

Beynəlxalq turnirin rəsmi media tərəfdaşı AZƏRTAC-dır. Yarışlar “İdman Azərbaycan” kanalı ilə yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.