CƏMİYYƏT
Qızıl-zinət əşyalarının ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb
Bakı, 9 dekabr, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə zərgərlik məmulatlarının ölkə ərazisindən qanunsuz yolla aparılması barədə daxil olan məlumata əsasən, Bakı–Təl-Əviv aviareysi ilə getmək istəyən İsrail vətəndaşı təyyarəyə minərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı, vətəndaşın sinəsində yerləşdirdiyi kiçikhəcmli 4 ədəd polietilen paketlərdən 1 ədəd qolbaq, 1 ədəd üzük-sırğa dəsti və 6 cüt sırğa aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən zərgərlik məmulatı kustar və zavod üsulu ilə istehsal olunub, 583, 585 və 750 əyarlı qızıldan hazırlanmış zinət əşyalarıdır və onların ümumi çəkisi 81,33 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.