REGİONLAR


“Qızılgüllər diyarı” Zaqatala tur-aksiyanın növbəti iştirakçılarını qəbul edib VİDEO

Zaqatala, 18 mart, Mustafa Dadaşov, AZƏRTAC

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Gəncə şəhərinin, Şəmkir, Samux, Gədəbəy və Göygöl rayonlarının məktəbliləri martın 18-də, günün ikinci yarısında Zaqatala rayonuna gəliblər.

AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçıları Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayonun rəhbər işçiləri tərəfindən səmimiyyətlə qarşılanıblar.

Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova məktəblilərə rayonun tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə qısa məlumat verib.

Sonra məktəblilər Mərkəzlə yaxından tanış olublar. Bildirilib ki, 2008-ci ildən fəaliyyət göstərən Mərkəz 2015-ci ilin noyabrında cəlbedici arxitekturası olan bu yeni binaya köçüb. Heydər Əliyev Mərkəzi yetişməkdə olan gənc nəslin doğma Vətənimizə layiqli vətəndaş kimi formalaşmasına mühüm töhfə verir. İkimərtəbəli binada müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Birinci mərtəbədəki ekspozisiya zalında Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür.

Bildirilib ki, Heydər Əliyev Mərkəzi gündəlik fəaliyyətində uşaq, yeniyetmə və gənclərin hərtərəfli inkişafına, qabiliyyətlərinin üzə çıxarılmasına, onlarda vətənpərvərlik hislərinin yüksəldilməsinə xüsusi diqqət ayırır. Hazırda burada fəaliyyət göstərən rəqs, rəsm, gənc fotoqraf, dekorativ tikmə, toxuculuq və xalçaçılıq dərnəklərində xeyli sayda yeniyetmə və gənc məşğul olur.

Sonra məktəblilər dərnəklərin otaqları ilə tanış olublar. Mərkəzin rəqs dərnəyinin üzvləri qonaqlara milli rəqsləri ifa ediblər.

Zaqatala Tarix-Mədəniyyət Qoruğu ilə tanışlıq zamanı məlumat verilib ki, qoruq 1804-1830-cu illərdə inşa edilən Zaqatala qalasında yerləşir. Çar hakimiyyəti tərəfindən Zaqatalaya sürgün edilmiş “Potyomkin” zirehli gəmisinin inqilabçı matrosları vaxtilə məhz bu qalada məhbus kimi saxlanılıblar.

Bildirilib ki, Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkin “Qalada üsyan” romanını yazıb və bu əsər əsasında “Yenilməz batalyon” bədii filmi çəkilib. Müstəqillik illərində ekranlaşdırılan “Cavad xan” filminin bəzi səhnələri də Zaqatala qalası və onun ətrafında çəkilib.

Tur-aksiya iştirakçıları “Qaladüzü pilləkənləri”ndən düşərək Zaqatala şəhərinin tarixi hissəsinə – Dədə Qorqud meydanına gəliblər. Məktəblilər sonra Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkiblər. Məlumat verilib ki, 1967-ci ildə yaradılan bu muzeydə 16 minə yaxın eksponat qorunub saxlanılır və nümayiş etdirilir.

Zaqatalaya səfərləri çərçivəsində tur-aksiya iştirakçıları fındıq emalı zavodunda da olublar. Məktəblilərin diqqətinə çatdırılıb ki, Azərbaycanda fındıq istehsalının böyük bir hissəsi Zaqatala rayonunun payına düşür.

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın iştirakçıları Zaqataladan zəngin təəssüratlarla ayrılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.