QAN YADDAŞI
Qlazqoda Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib
Qlazqo, 7 fevral, AZƏRTAC
Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Qlazqo Azərbaycan Cəmiyyəti tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Şotlandiyanın Qlazqo şəhərində Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar yürüş təşkil edilib.
Yürüşdə Qlazqo şəhərinin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı və xarici tələbələr iştirak ediblər. Qlazqonun mərkəzi meydanı olan “George Square”dan başlayan yürüş Buchanan küçəsi və şəhərin digər mərkəzi küçələri boyunca davam edib. Yürüş iştirakçıları “Justice for Khojaly” şüarı səsləndirərək insanların diqqətini Xocalı faciəsinə yönəldib, erməni qoşunlarının Xocalıda törətdikləri vəhşiliklər haqqında məlumat veriblər. Eyni zamanda, maraqlananlara müxtəlif maarifləndirici bukletlər, broşürlər və s. paylanılıb.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
Qlazqo