ELM VƏ TEXNOLOGİYA


Qlobal bitki müxtəlifliyinin mühafizəsinə azərbaycanlı alimlərin töhfəsi

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə ABŞ-da keçirilən “Davamlı İnkişaf məqsədləri və bitkilərin qorunması” mövzusunda beynəlxalq konfransda iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, konfrans ABŞ-ın Botanika Bağı və Bitkilərin Mühafizəsi üzrə Qlobal Əməkdaşlıq (GPPC), Bioloji Müxtəliflik üzrə Konvensiya (CBD) Katibliyi və Bitkilərin Mühafizəsi üzrə Botanika Bağlarının Beynəlxalq Şurasının (BGCI) birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Konfransın təşkilinin məqsədi GPPC-nin istiqamətlərinin tətbiqi üzrə beynəlxalq təcrübə mübadiləsi, CBD-nin 2011-2020-ci illər üçün Strateji Planının nailiyyətləri, biomüxtəlifliyin Aichi məqsədləri və 2030-cu ilədək davamlı inkişaf məqsədlərinə yardımın nəzərdən keçirilməsi olub.

Tədbirdə V.Əlizadənin rəhbərliyi, AMEA-nın dəstəyi ilə həyata keçirilən “Azərbaycan florasının nəsli kəsilməkdə olan nadir bitki növlərinin yoxolma riskinin proqnozlaşdırılması” mövzusunda multidissiplinar layihənin nəticələri təqdim edilib. Azərbaycanlı alimin plenar məruzəsi böyük maraq doğurub və konfransın nəticələri xüsusi məqalə səklində çap olunmaq üçün CBD-nın katibliyinə təqdim olunub. Təşkilat Komitəsi tərəfindən məruzələrin seçimi gözlənilən iqlim dəyişikliyinə qarşı sülh, sabitlik, yoxsulluq, təhlükəsizlik, sağlamlıq problemlərinə yönələn qlobal davamlılıq üçün çox mühüm bitkilərin mühafizəsində maraqlı və müasir həll üsullarından istifadəyə əsaslanır.

Dünyanın aparıcı bitki mühafizəkarları, əməkdaşlıq təşkilatları və inkişaf agentlikləri ilə birlikdə təşkil edilən konfrans biomüxtəlifliyin itməsi, yoxsulluq və iqlim dəyişikliyi kimi çoxşaxəli mühüm qlobal problemlərin öyrənilməsinə cəlb edilmək üçün nadir imkanlar yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.