DÜNYA
Qlobal informasiya texnologiyaları bazarında ən yüksək artım proqram təminatı seqmentində gözlənilir
Bakı, 9 iyul, AZƏRTAC
“Gartner” analitik şirkətinin 2016-cı il üçün qlobal informasiya texnologiyaları ilə bağlı yeni proqnozuna əsasən, qlobal informasiya texnologiya xərclərinin həcmi 2015-ci illə eyni səviyyədə (3.41 trilyon ABŞ dolları) olacaq.
AZƏRTAC “ictnews.az” saytına istinadla xəbər verir ki, informasiya texnologiyaları bazarının ayrı-ayrı seqmentləri haqda məlumat verən ekspertlər 2016-cı ildə məlumat mərkəzləri üçün avadanlığa yatırılacaq investisiyanın 2 faiz artımını proqnozlaşdırıblar. Analitiklər artıma şərait yaradan amillər arasında Çin və Qərbi Avropanın server bazarında yüksəlişi, həmçinin Şimali Amerikanın korporativ şəbəkə avadanlığı bazarında aktiv yeniləməni qeyd ediblər.
Ən yüksək artım proqram təminatı seqmentində gözlənilir: 2015-ci illə müqayisədə xərclər 5 faiz artaraq 332 milyard dolları ötəcək. Mütəxəssislərin məlumatına görə, proqram təminatı seqmentində əsas hərəkətverici qüvvə Şimali Amerikadır və 2016-cı ildə bu sahədə gözlənilən 24 milyard dolların 11.6 milyardı adı çəkilən regionun payına düşəcək.
Ən böyük azalma (5.3 faiz) kompyuter texnikası bazarında proqnozlaşdırılır. Analitiklərin proqnozuna görə, 2016-cı ildə fərdi kompyuter, noutbuk, mobil telefon, planşet və printer daxil olmaqla müxtəlif qurğuların alışına 627.2 milyard ABŞ dolları xərclənəcək. Halbuki 2015-ci ildə bu göstərici 662.3 milyard ABŞ dolları olub.
“Gartner”in qiymətləndirməsinə görə, 2016-cı ildə informasiya texnologiyaları xidmətlərinə təxminən 898 milyard dollar xərclənəcək ki, bu da ötənilki göstəricidən 3.7 faiz çoxdur. Bu sahədə Yaponiyada xərclər ən sürətli templə artacaq.
Həmçinin 2016-cı ildə telekommunikasiya xidmətlərinə xərclər 1.4 faiz azalaraq 1.38 trilyon dollar təşkil edəcək.