DÜNYA
Qlobal mobil telefon bazarı öz yüksək inkişaf mərhələsinə qədəm qoyub
Bakı, 27 sentyabr, AZƏRTAC
“CCS Insight” analitiklərinin mobil telefon bazarı ilə bağlı məlumatları bu sahənin yüksək inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyir. Mütəxəssislər hesab edirlər ki, yaxın illərdə qlobal mobil telefon tədarükünün həcmi 2 milyard ətrafında olacaq.
AZƏRTAC “dailycomm.ru” saytına istinadən xəbər verir ki, 2016-cı ildə ötənilki səviyyə ilə müqayisədə tədarük həcminin 1,3 faiz azalması gözlənilir. Çin istisna olmaqla, əksər dünya bazarlarında mürəkkəb vəziyyət müşahidə olunacaq.
Analitik şirkətin məlumatına görə, smartfonlar mobil sahənin hərəkətverici qüvvəsidir. Analitiklərin qiymətləndirməsinə görə, cari il bazara 1,42 milyon smartfon tədarük ediləcək ki, bu da 2015-ci illə müqayisədə 4,1 faiz daha yüksəkdir. 2016-cı ildə mobil telefonların ümumi tədarük həcminin 75 faizi smartfonların payına düşəcək və 2020-ci ilə bu göstərici 90 faizə yaxınlaşacaq.
“CCS Insight” şirkətinin proqnozuna əsasən, “LTE” texnologiyası çox sürətlə tətbiq ediləcək. 2016-cı ildə “LTE” texnologiyasını dəstəkləyən 1,11 milyard mobil telefonun buraxılacağı gözlənilir və 2020-ci ildə bu göstərici 1,65 milyard təşkil edəcək.