CƏMİYYƏT
Qlobal səviyyədə xidmətin təqdimatını dəyişməklə ilkin tibbi-sanitar yardımın inkişaf yolları müzakirə olunur
Bakı, 24 iyun, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində “İnteqrasiya olunmuş səhiyyə xidmətlərinin göstərilməsi üzrə əlaqələndiricilərin IV illik Toplantısı” keçirilib. AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, toplantıda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İlkin səhiyyənin təşkili şöbəsinin müdiri Lütfi Qafarov da iştirak edib.
İki gün davam edən görüşdə iştirakçılar Avropa regionunda səhiyyənin müasir vəziyyəti və səhiyyə sahəsində yeniliklərə həsr edilmiş təqdimatlarla tanış olublar. İnteqrasiya olunmuş səhiyyə xidmətlərinin göstərilməsi və onun tətbiq paketi ilə bağlı geniş fikir mübadiləsi aparılıb və bu sahədə əldə edilən yeniliklər nəzərdən keçirilib.
Qeyd edək ki, 2018-ci ildə Almatı Bəyannaməsinin 40-cı ildönümü qeyd ediləcək. Həmin ərəfədə keçirilən görüşün əsas məqsədi regionda səhiyyə üçün yeni yanaşma təqdim etmək, bölgədə və qlobal səviyyədə səhiyyə xidmətlərinin təqdimatını dəyişdirməklə ilkin tibbi-sanitar yardım xidmətinin inkişafına təkan verməkdir.