DÜNYA
Qlobal smartfon bazarının həcmi 1 faiz artıb
Bakı, 27 oktyabr, AZƏRTAC
“IDC” analitikləri 2016-cı ilin üçüncü rübü üzrə qlobal smartfonlar bazarındakı vəziyyət haqda ilkin məlumatları dərc ediblər. Mütəxəssislərin qiymətləndirməsinə görə, şirkətlər ilin son rübündə, ümumilikdə 362,9 milyon smartfon tədarük ediblər.
AZƏRTAC “dailycomm.ru” saytına istinadən xəbər verir ki, aparıcı smartfon istehsalçılarının reytinqində dəyişiklik qeydə alınmayıb. İlk beşlikdə “Samsung”, “Apple”, “Huawei”, “Oppo” və “Vivo” şirkətləri qərarlaşıb.
“Galaxy Note 7” ilə bağlı problem qısamüddətli perspektivdə “Samsung” şirkətinin liderliyinə təsir etməyib: üçüncü rübdə şirkət əvvəlki kimi liderliyini qoruyub saxlayıb, ancaq Koreya brendi üçün uzunmüddətli nəticələr hələ özünü göstərəcək.
Hesablamalara görə, 2016-cı ilin iyul-sentyabrında “Samsung” şirkəti 72,5 milyon smartfon tədarük edib. Bu halda mütəxəssislər bildiriblər ki, “Note 7”nin satış həcmini Koreya şirkətinin göstəricilərinə daxil etməyiblər. Ötən ilin göstəriciləri ilə müqayisədə “Samsung”un qurğularının tədarük həcmi 13,5 faiz azalıb.
“Apple” şirkəti 45,5 milyon “iPhone” smartfonu tədarük edib. Ötən il bu göstərici 48 milyon təşkil edib.
“Huawei” şirkəti ilin son rübündə 33,6 milyon smartfon tədarük edərək ötənilki göstəricini (23 faiz) yaxşılaşdırıb. Nəticədə “Huawei” şirkətinin bazar payı 7,6 faizdən 9,3 faizədək artıb.