CƏMİYYƏT
Qlobal temperatur göstəriciləri yeni rekordlar vurur
Bakı, 23 iyul, AZƏRTAC
Qlobal temperatur göstəriciləri yeni rekordlar vurur.
AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, alimlərin məlumatına görə, 2016-cı il meteoroloji müşahidələrin bütün tarixi ərzində ən isti yay ola bilər. İlin birinci yarısının orta temperaturu XIX əsrin sonunda başlayan sənayeləşmədən əvvəlki göstəriciləri Selsi ilə 1,3 dərəcə geridə qoyub.
Dünya Meteorologiya Təşkilatının (DMT) nümayəndəsi Devid Karlson deyib: “Söhbət orta göstəricidən yüksək göstəricilərdən getmir. Biz əvvəllər qeydə alınmış bütün rekordları üstələyən göstəricilərdən danışırıq. İlin birinci yarısında bu rekordların hamısı təzələnib. Biz həm havanın temperaturunda, həm atmosferdə göstəriciləri gözlədiyimizdən xeyli çox olan karbon qazının miqdarında, həm də Arktika buzlaqlarının əriməsi sürətində sıçrayış müşahidə edirik”.
Kəskin iqlim dəyişikliyindən irəli gələn mülahizələr ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin və NASA-nın Qoddard adına Kosmik Tədqiqatlar İnstitutunun mütəxəssislərinin iki müstəqil məruzəsində şərh olunub.
Orta temperatur durmadan artır. İyun ayı rekordlar sırasında 14-cü ay olub. Temperatur sonuncu dəfə 1984-cü ilin dekabrında orta göstəricidən aşağı düşüb.
DMT-nin başçısı Petteri Taalas deyib: “Hər ay bizə yeni rekordlar gətirir. Biz bu meyli uzun illərdir müşahidə edirik. 2015-2016-cı illərdə iqlim dəyişiklikləri göstəriciləri güclü El-Ninyo fenomeni fonunda yeni rekordlar vurub”.
Alimlər xəbərdarlıq edirlər ki, “Qlobal qızdırıcı” El-Ninyo başa çatsa da, parnik qazları havaya təsir etməyə davam edir. Onların proqnozlarına görə, kəskin iqlim dəyişiklikləri ilə əlaqədar təbiət kataklizmlərinin - tropik siklonların, dözülməz isti və leysan yağışları dövrlərinin sayı artacaq.