REGİONLAR
Qobu qəsəbəsində şəhid əsgərin xatirəsi yad edilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Müdafiə Nazirliyi və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qobu qəsəbəsindəki Şəhidlər kompleksində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Silahlı Qüvvələrin əsgəri Heydərov Əli İntiqam oğlunun xatirəsinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə kompleksin önünə əklil qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qəsəbə orta məktəbinin direktoru Cəbrayıl Cəfərquliyev çıxış edərək bu kimi tədbirlərin xüsusilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıb. Diqqətə çatdırılıb ki, qobulular tarixin bütün mərhələlərində Vətənə, xalqa, dövlətə sədaqət nümayiş etdirib, Vətən uğrunda canlarını belə əsirgəməyiblər. 1918-ci ildə Bakının daşnak-bolşeviklərdən təmizlənməsində qəhrəmanlıqlar göstərmiş Məşədi Hilal Hacı İsmayıl oğlu Qobunun ilk şəhidlərindəndir. 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qobu kəndindən 400 nəfərdən çox döyüşçü iştirak etmiş və onların yarıdan çoxu geri qayıtmamışdır. Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan əsgərlərin və 20 Yanvar şəhidlərinin sıralarında da Qobu qəsəbəsindən olan igidlər var.
Qarabağ uğrunda döyüşlərin başlandığı ilk günlərdən qobulular da könüllü cəbhəyə yollanıb, onlardan 21 nəfəri şəhidlik zirvəsinə ucalıb. Bu gün də qəsəbənin hər bir sakini Əli Heydərov kimi oğullarımızın intiqamını almağa hazırdır.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində müstəsna xidmətlərini yada salıb, bu işin bu gün də Prezident İlham Əliyevin fəaliyyətində prioritet olduğunu vurğulayıb.
Aprel döyüşlərində Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqların ordu tariximizə qalibiyyət dastanı kimi yazıldığını qeyd edən icra hakimiyyətinin başçısı bütün xalqımız kimi abşeronluların da qətiyyətli və müdrik Ali Baş Komandanımıza inandıqlarını, Azərbaycan əsgərinə güvəndiklərini, ordu quruculuğundakı son nailiyyətlərin rayon əhalisinin də döyüş ruhunun, vətənpərvərlik hissinin daha da yüksəlməsinə səbəb olduğunu bildirib.
Şəhid Əli Heydərovun valideynlərinə bir daha dərin hüznlə başsağlığı verən İ.Gülməmmədova onların övladlarının Talış yüksəkliyi uğrundakı döyüşlərdə göstərdiyi igidlikdən həmin döyüşlərin getdiyi vaxtlarda xəbər tutduğunu, ata və qardaşının döyüşlərə könüllü getmək üçün müraciət etdiklərini də xatırlayıb.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani şəhid əsgərin qısa, lakin mənalı ömür yolundan danışıb. Diqqətə çatdırıb ki, Əli İntiqam oğlu Heydərov 1997-ci il mayın 10-da Qobuda dünyaya gəlib. Qəsəbə orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Aprel döyüşlərində atıcı-qumbaraatan köməkçisi kimi iştirak edib. Əsgəri olduğu hərbi hissənin döyüşçüləri ilə birlikdə düşmənin layiqli dərsini verən, xalqımıza qələbə sevinci yaşadan oğulların sırasında o da fərqlənib, fəxri fərmanla təltif olunub. Lakin aprel döyüşlərindən sağ çıxsa da, ad gününə iki gün qalmış döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Sonra polkovnik A.Qurbani əsgər Əli Heydərovun ölümündən sonra layiq görüldüyü “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı şəhidin ailəsinə təqdim edib.
Şəhid atası İntiqam Heydərov göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Oğlunun Vətən uğrunda şəhidliyindən böyük iftixar hissi keçirən ata iki oğlu ilə birlikdə günü bu gün də döyüşə atılmağa hazır olduğunu bəyan edib.
Qəsəbə ağsaqqalları adından çıxış edən Kərəm Şahlıyevin dediyi “Mən 80 yaşımı çoxdan haqlamışam. Ancaq bu yaşda da İlham Əliyev kimi bir sərkərdənin komandanlıq etdiyi ordunun əsgərləri ilə bir yerdə döyüşlərə atılmağa hazıram!” sözləri tədbir iştirakçılarının alqışlarına səbəb olub.
Hərbi qulluqçular adından çıxış edən polkovnik Elşad Əbilov tədbir iştirakçılarını əmin edib ki, gündən-günə daha da qüdrətlənən, güclənən Silahlı Qüvvələrimiz qarşıya qoyulan döyüş tapşırığını, hücum əmrini yerinə yetirməyə hər an hazır və qadirdir.
Xatirə mərasiminin sonunda Müdafiə Nazirliyinin nəşri olan “Ruhumuzun qələbəsi naminə” adlı kitab-albom Abşeron Rayon İcra Hakimiyyətinə təqdim edilib, məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, kompleksə daxil olan muzey və şəhidin el qəbiristanlığındakı məzarı ziyarət olunub.