REGİONLAR
Qobustan Bölgə Təcrübə Stansiyasında 580,8 ton toxumluq taxıl istehsal olunub
Qobustan, 13 avqust, AZƏRTAC
Əkinçilik Elmi Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında cari mövsüm üçün 210 hektar sahədə yetişdirilən toxumluq taxıl, habelə 7,5 hektar ərzaq və 16 hektar yem noxudu biçini başa çatıb.
Bölgə Təcrübə Stansiyasının direktoru Atabəy Cahangirov əldə olunan nəticə barədə AZƏRTAC-ın müxbirinə bildirib ki, zəmilərdən ümumilikdə 580,8 ton taxıl istehsal olunub, dəmyə şəraitdə hər hektardan orta məhsuldarlıq 27,7 təşkil edib. İstehsal olunan taxılın 490,2 tonu buğda, 90,6 tonu isə arpadır. Builki mövsümdə götürülən məhsuldan 406,5 ton yüksək kondisiyalı toxum əldə olunması gözlənilir.
Qeyd edək ki, cari ilin məhsulu üçün təcrübə stansiyasında, habelə 20 hektarda təcrübə əkinləri, 16 hektarda yem noxudu, 7,5 hektarda isə ərzaq noxudu əkilmişdi. Əkilən toxumluq noxud sahələrindən 10 ton ərzaq, habelə 32,5 ton yem noxudu götürülüb.