MƏDƏNİYYƏT


Qobustan Milli Tarix-Bədii Qoruğu ilə tanışlıq

Bakı, 13 iyun, AZƏRTAC

Qobustan Milli Tarix-Bədii Qoruğunun yaradılmasının 50 və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuş “Qobustan - mədəniyyətlərin qovşağında qayaüstü incəsənət” adlı beynəlxalq elmi konfransın iştirakçıları iyunun 13-də Qobustan Milli Tarix-Bədii Qoruğunda olublar.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıblar.

Qonaqlara məlumat verilib ki, Qobustan Dövlət Tarix-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar.

Qobustan qayaüstü rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

Bildirilib ki, sahəsi 3 min 96 hektar olan Qobustan Milli Tarix-Bədii Qoruq İdarəsi 1966-cı ildə yaradılıb. Hazırda Qobustan ərazisində 20 mağara və yaşayış yeri, tunc və sonrakı dövrlərə aid 40 kurqanda tədqiqat işləri aparılıb və öyrənilib. Nəticədə 1031 qaya üzərində çəkilmiş 6300-dən çox qayaüstü təsvir və 105 min ədəd arxeoloji material qoruğun fonduna daxil edilib.

Diqqətə çatdırılıb ki, Qobustan Milli Tarix-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında qoruğun ərazisində aparılan genişmiqyaslı yenidənqurma və abadlıq işləri nəticəsində yeni inzibati və muzey binası tikilərək istifadəyə verilib. Muzey müasir texnologiyalardan istifadə edilərək qurulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsi səyi nəticəsində Qobustanın qayaüstü təsvirləri mədəni landşaftı ilə birlikdə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan qonaqlar ərazidə aparılmış tədqiqat işləri və tarixi eksponatlarla maraqlanıblar.

Sonra qoruğun ərazisində qonaqlar üçün konsert proqramı təşkil edilib. Qonaqlar Qobustan Milli Tarix-Bədii Qoruğundan xoş təəssüratla ayrılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.