MƏDƏNİYYƏT
“Qobustan” jurnalının yeni nömrəsi çapdan çıxıb
AZƏRTAC xəbər verir ki, min nüsxə tirajla nəşr edilmiş jurnalda tanınmış ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri ilə yanaşı, sənətdə yeni addımlarını atan şair, yazıçı və tərcüməçilərin, eyni zamanda türk və digər xarici ölkə ədəbiyyatının tanınmış nümayəndələrinin əsərləri dərc olunub.
Jurnal, oxuculara toplunun baş redaktoru Vaqif Əlixanlının “Qırx sətir” sərlövhəli yazısı ilə təqdim olunur.
“Azadlıq Bakıya Gəncədən gəlir...” sərlövhəli tarixi oçerkdə “Gəncə qarnizonunun yaranması”, “İkinci Bakı hücumu və şəhərin azad edilməsi”, “Qarabağ əməliyyatı” başlıqlı yazılarda 1918-ci ildə Türk İslam Ordusunun komandanı Nuru Paşa, onun silahdaşı Ənvər Paşanın Bakını və ətraf rayonları erməni-rus birləşmələrindən azad etməsi geniş şərhlə verilib.
Topluda mərhum xalq artistləri Ələddin Abbasov, Lütvəli Abdullayev, mərhum şair, vaxtilə “Qobustan”ın baş redaktoru Ələkbər Salahzadə, Xalq Rəssamı Arif Hüseynov, gənc, istedadlı rəssam Məryəm Ələkbərli haqqında və digər səpkili yazılar da yer alıb.
Jurnalda həmçinin Türkiyənin məşhur “Möhtəşəm yüzil” teleserialı barədə, eləcə də xarici ölkə yazıçısı Xorxe Luis Borxesin həyat və yaradıcılığı haqqında məlumat və əsərlərindən birinin tərcüməsi də verilib.