MƏDƏNİYYƏT
“Qobustan kölgələri” baleti Azərbaycanın parlaq və bənzərsiz incəsənətinin təcəssümüdür
Bakı, 6 avqust, Ayişə Axundova, AZƏRTAC
Bəstəkar Fərəc Qarayevin bir aktdan ibarət “Qobustan kölgələri” baletinin M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında premyerasından 45 ildən çox vaxt ötür. 1970-ci ildə ərsəyə gətirilən bu maraqlı balet tamaşasının yaradılmasında Azərbaycanın istedadlı incəsənət ustaları – baletmeysterlər Rəfiqə Axundova və Maqsud Məmmədov, rəssam Toğrul Nərimanbəyov iştirak ediblər. Görkəmli Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun ecazkar dekorasiyaları baletin uğur qazanmasında böyük rol oynayıb. Yaşasaydı, avqustun 7-də onun 86 yaşı tamam olacaqdı.
Bakının bir neçə kilometrliyində yerləşən Qobustanın unikal qayaüstü rəsmləri artıq çoxdandır dünya alimlərinin diqqət mərkəzindədir. Bu rəsmlərdə bəşəriyyətin inkişafının erkən mərhələlərinə aydınlıq gətirən zəngin material var. Hamı bilir ki, Azərbaycanın parlaq və özünəməxsus incəsənəti məhz buradan – ibtidai rəssamın primitiv aləti və zəngin fantaziyası ilə yaradılan bu möcüzədən başlayır. Qayaüstü rəsmlərdə bütün xalqlara, insanlara yaxın olan təsirli obrazları – Od və Günəşi, Su və Küləyi, Kişi və Qadını, ov, qurban, rəqs səhnələrini görürük... Əzəmətli Cingirdağın ətəyində yerləşən nəhəng qaya parçası təbiətin özünün yaratdığı musiqi alətidir. Hamının “Qaval daşı” adlandırdığı bu qayanı hər hansı bir cisimlə döyəclədikdə, ətrafa müxtəlif ucalıqda melodik səslər yayılır. Alimlərin çoxsaylı tədqiqatları göstərib ki, qaval daşı qədim insanların mərasim tədbirlərində mühüm rol oynayıb.
Qobustan obrazları o vaxtlar gənc və istedadlı bəstəkar olan Fərəc Qarayevi uzaq əcdadlarımız haqqında balet yaratmağa ruhlandırıb. Böyük bəstəkar Qara Qarayevin oğlu və yetirməsi olan müəllif həmin dövr üçün çox cəsarətli sayılan bu ideyanın həyata keçirilməsinə həmfikirlərini cəlb edib. Bakılılar yeni formada yaradılan, ümumbəşəri dəyərləri canlandıran, humanistliyin carçısı olan bu əsəri hərarətlə qarşılayıblar. Elə həmin il “Qobustan kölgələri” baleti Fransada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində görünməmiş uğur qazanıb. Tələbkar parisli tamaşaçılar tamaşanın yaradıcılarını və artistləri ayaq üstə alqışlayıblar.
“France Soir” qəzeti yazırdı: “Dünən Bakı Opera və Balet Teatrının çıxışları “Champs Eleeses” teatrının salonunu təlatümə gətirdi. Salonu “Bravo!” nidaları bürüdü. Bu səhnədə çoxdandır belə coşqunluq müşahidə etməmişdik”.
Uzun illər sonra, 2013-cü ildə baletə yeni səhnə həyatı bəxş edilib. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə “Qobustan kölgələri” baleti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində yeni interpretasiyada bərpa edilib, 2014-cü ildə UNESCO-da baletin müasir quruluşda premyerası olub.