MƏDƏNİYYƏT
“Qobustan qoruğunda muzey işinin təşkilində beynəlxalq təcrübənin tətbiqi” mövzusunda seminar
Bakı, 29 yanvar, AZƏRTAC
Qobustan Milli Tarix Bədii qoruğunda “Qobustan qoruğunda muzey işinin təşkilində beynəlxalq təcrübənin tətbiqi” adlı seminar keçirilib. Seminarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət və Bakı Slavyan universitetlərinin tələbə və müəllimləri iştirak ediblər.
Tədbir iştirakçılarına Qobustan muzeyi və abidələri ilə tanışlıqdan sonra qoruğun fəaliyyətini və beynəlxalq əlaqələrini əks etdirən təqdimatlar nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, seminarda “Qobustanın arxeoloji irsi dünya mədəni irsi kontekstində” adlı təqdimatla çıxış edən qoruğun direktoru Məlahət Fərəcova UNESCO Dünya İrsi anlayışı və Qobustan qoruğunun beynəlxalq əlaqələri haqqında məlumat verib.
Qoruğun əməkdaşları Rəhman Abdullayev “Qayaüstü incəsənət üzrə ixtisaslaşmış muzeylərin iş prinsipi”, Elnarə Adıgözəlzadə “UNESCO konvensiyalarının muzey işinin təşkilində rolu”, Səid Rzayev “Bolqar şəhərinin tarixi və arxeoloji kompleksi” mövzularında təqdimatlarla çıxış edərək gənc muzeyşünaslara, qoruğun nüfuzlu beynəlxalq təşkilatlar və muzeylərlə təcrübə mübadiləsi nəticəsində əldə olunmuş məlumatları çatdırıblar.