REGİONLAR
Qobustan rayonu Cəngi kəndində yerüstü piyada keçidi inşa olunur
Bakı, 8 iyul AZƏRTAC
Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədilə “Azəravtoyol” ASC tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 56-cı kilometrində Qobustan rayonu Cəngi kəndi ərazisində yeni yerüstü piyada keçidi inşa olunur.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, keçidin uzunluğu 31 metr, eni isə 2,7 metrdir. Metal konstruksiyadan inşa olunan yerüstü piyada keçidinin üstü açıq olacaq.
Bildirilib ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Bakı-Şamaxı hissəsinin 2 hərəkət zolağından 4 hərəkət zolağına uyğun yenidən qurulması işləri çərçivəsində ümumilikdə 9 ədəd yerüstü piyada keçidinin inşası planlaşdırılıb.
Bundan başqa, 19 yeraltı keçidin olması da nəzərdə tutulub. Artıq həmin yeraltı keçidlərdən 13-ü tam hazır vəziyyətdədir. Keçidlərin eni 4 və 6 metr olmaqla hündürlükləri müvafiq olaraq 2,5 və 4,5 metr olacaq.