CƏMİYYƏT
Qobustan rayonunun 17 mindən çox sakini tibbi müayinədən keçmişdir VİDEO
Qobustan, 15 mart (AZƏRTAC). Əhalinin kütləvi surətdə tibbi müayinədən keçirilməsinə dair Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri Qobustan rayonunda da uğurla icra edilir.
Rayon icra hakimiyyəti başçısının müavini Təranə Güləliyeva AZƏRTAC-a demişdir ki, vətəndaşların tibbi müayinəsi mərkəzi rayon xəstəxanasında, habelə 2 kənd sahə xəstəxanasında və 3 kənd həkim məntəqəsində aparılır. Bundan əlavə, müayinəyə gəlmək imkanı olmayan sakinlərə yerlərdə xidmət göstərmək üçün xüsusi həkim briqadaları yaradılmışdır.
Rayon üzrə ümumilikdə 43 min 125 nəfər tibbi müayinədən keçməlidir. İndiyədək onlardan 17 min 200 nəfəri müayinə olunmuşdur. Müəyyən xəstəliklər aşkarlanmış şəxslərin 61 nəfəri Bakı şəhərindəki ixtisaslaşdırılmış klinikalara göndərilmiş, bəzi vətəndaşlar isə ambulator və stasionar müalicəyə cəlb edilmişlər.
Martın 15-də təkcə mərkəzi rayon xəstəxanasında 70 nəfər vətəndaş müayinə olunmuşdur. Müayinəyə rəhbərlik etdiyi kollektivlə birgə gələn rayon statistika idarəsinin rəisi Elgün Qayıbov dövlətimizin başçısının bu humanist təşəbbüsünün bütün işçilər tərəfindən rəğbətlə qarşılandığını söyləmişdir.
Qobustan şəhər sakini Qəndaf Əsgərova isə öz fikrini belə ifadə etmişdir:
-Görəsən bundan da böyük qayğı olarmı?! Fikir verin, sənə deyələr ki, buyur gəl, həkim müayinəsindən keç, özü də pulsuz. Bu, sağlamlığımıza göstərilən çox böyük diqqətdir. Odur ki, hörmətli Prezidentimizə bütün yaxınlarım adından minnətdarlığımı bildirmək istəyirəm.