REGİONLAR
Qobustan rayonunun Poladlı kəndinə, Füzuli rayonunun “Qayıdış-8” və “Qayıdış-9” qəsəbələrinə təbii qaz verilib
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 29-da Qobustan rayonunun Poladlı kəndinə, həmçinin Füzuli rayonunun “Qayıdış-8” və “Qayıdış-9” qəsəbələrinə təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Qobustan rayonunun Poladlı kəndinin 272 abonentinə təbii qazın verilməsi üçün 22 min 851 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 272 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Füzuli rayonunun 208 abonenti olan “Qayıdış-8” və 205 abonenti olan “Qayıdış-9” qəsəbələrinə isə bu gün ilk dəfə olaraq təbii qaz verilib. Bunun üçün “Qayıdış-8” qəsəbəsində birpilləli sistem əsasında uzunluğu 6 min 743 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. “Qayıdış-9” qəsəbəsinin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 2 min 811 metr metal borularla qaz xətləri çəkilib, 205 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.