REGİONLAR
Qobustan sakinləri ümumrespublika yaşıllaşdırma marafonunda fəal iştirak edirlər
Qobustan, 27 noyabr, Adil Ağayev, AZƏRTAC
Qobustan rayonunun sakinləri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə noyabrın 5-də başlayan ümumrespublika yaşıllaşdırma marafonunda fəal iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, ekoloji mühiti qorumaq, yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısının almaq kimi xeyirxah məqsəd daşıyan bu tədbir çərçivəsində rayonda indiyədək 4800 ədəd ağac və gül kolları əkilib. Əkində əsasən çinar, Eldar şamı ağac növlərindən, qızılgül kolundan istifadə edilir.
Yaşıllaşdırma marafonunda rayonun idarə və təşkilatlarından, ictimaiyyətin ayrı-ayrı təbəqələrindən hər dəfə orta hesabla 300-350 nəfər iştirak edir. Ağac və gül kolları Bayraq Meydanı ətrafındakı parkda, Heydər Əliyev prospektində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan şəhərinin ərazisindən keçən hissəsində və sair yerlərdə əkilir.
Rayonda ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində ağacəkmə kampaniyası davam edir.