REGİONLAR
Qobustanda 28 May - Respublika Günü təntənə ilə qeyd olunub
Qobustan, 28 may, AZƏRTAC
Qobustanda 28 May - Respublika Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər Mərkəzində keçirilən tədbirdə Azərbaycan tarixinin şanlı səhifələrindən olan Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin təxminən iki illik çətin və şərəfli tarixi barədə ətraflı danışılıb. Vurğulanıb ki, cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalqımız nəhayət ki, azadlığın, milli dövlətçiliyin nə demək olduğunu görüb.
Mərasimdə XX əsrin sonlarında Azərbaycanın yenidən müstəqilliyinə qovuşduğu, bu tarixi qələbənin xalqımızın onilliklər boyu apardığı mübarizənin məntiqi nəticəsi olduğu diqqətə çatdırılıb. Bildirilib ki, müstəqilliyin ilk illərində ölkəmiz təcüavüzə məruz qalıb, Xocalı soyqırımı törədilib, bir milyondan çox vətəndaşımız qaçqın vəziyyətinə düşüb, Azərbaycan parçalanmaq təhlükəsi ilə üzləşib. 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin böyük səyi, gərgin əməyi sayəsində ölkəmizdə sabitlik əldə olunub, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib.
Təntənəli yığıncaqda təhsildə, idmanda və ictimai-siyasi işlərdə fərqlənənlərə rayon icra hakimiyyətinin fəxri fərmanları verilib.
Tədbir rayon musiqiçilərinin ifasında rəngarəng konsert proqramı ilə davam etdirilib.