REGİONLAR
Qobustanda 55000 tona yaxın taxıl istehsalı gözlənilir
Qobustan, 16 iyul, AZƏRTAC
Qobustanda cari ilin altı ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, məsələ ilə əlaqədar rayon icra hakimiyyəti başçısının məruzəsində, eləcə də müzakirələrdə yarım ildə iqtisadiyyatın ayrı-ayrı sahələrində, xüsusilə bitkiçilik və heyvandarlığın inkişafı istiqamətində mühüm işlərin görüldüyü, bu müddətdə geniş tikinti-quruculuq işlərinin aparıldığı, sosial məsələlərin həlli istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilib.
Qeyd olunub ki, kənd təsərrüfatı rayonu olan Qobustanda taxılçılıq aqrar sektorda aparıcı sahələrdəndir. Bu mühüm strateji məhsulun inkişafı daim diqqət mərkəzində saxlanılır. Cari ilin məhsulu üçün 26645 hektar sahədə taxıl yetişdirilib. Hazırda biçin kampaniyası müvəffəqiyyətlə davam edir. Zəmilərdə 110 kombayn işləyir. Hələlik 18000 hektardan çox sahədə biçin aparılıb. Hər hektarın məhsuldarlığı 22,3 sentner təşkil edir. Bu il 55000 tona yaxın taxıl istehsalı gözlənilir.
Rayonda kənd təsərrüfatının dinamik inkişaf edən sahələrindən olan heyvandarlıqda da nəticələr uğurludur. Belə ki, 6 ayda keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,4 faiz, süd istehsalı 2,4 faiz, yumurta istehsalı 4,6 faiz artıb.
Tikinti-quruculuq, abadlıq işləri uğurla davam etdirilir. Qobustanda mərkəzi rayon xəstəxanasının tikintisi davam etdirilir, 100 yerlik uşaq bağçası-körpələr evinin inşasında son tamamlama işləri aparılır.
Məruzə və çıxışlarda əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı, su təchizatı, yolların təmiri ilə əlaqədar görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışılıb.
Sonda 22 İyul - Milli Mətbuat Günü münasibətilə rayonun bir qrup mətbuat işçisinə fəxri fərmanlar təqdim olunub.