REGİONLAR
Qobustanda bu günədək 6459 nəfər kütləvi pulsuz tibbi müayinədən keçib VİDEO
Qobustan, 13 mart, AZƏRTAC
Əhalinin sağlamlığının qorunması bu gün ölkəmizdə prioritet məsələlərdəndir. Bu baxımdan yeni xəstəxanaların inşası və ya əsaslı təmiri, tibb ocaqlarının ixtisaslı kadrlarla, müasir tibbi avadanlıqlarla təchizatı, əhalinin pulsuz dispanserizasiyası daim diqqət mərkəzində saxlanılır.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə fevralın 15-dən başlanan növbəti kütləvi pulsuz tibbi müayinə aksiyası hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qobustan rayonunda da müvəffəqiyyətlə davam edir. Bununla əlaqədar rayon mərkəzi xəstəxanasından bildirilib ki, bu kampaniyada yaşı 18-dən yuxarı olan 32 min 784 sakin pulsuz tibbi müayinədən keçiriləcək.
Əhalinin dispanserizasiyası qabaqcadan tərtib olunan qrafik əsasında aparılır. İndiyədək 6489 nəfər tibbi müayinə olunub. Onlardan 1258 nəfəri ambulator, 37 nəfəri isə stasionar müalicəyə cəlb edilib. 40 nəfər daha ətraflı müayinə və müalicə üçün Bakı şəhərinə göndərilib. Ayrı-ayrı ixtisaslardan olan xüsusi həkim briqadası müayinəyə gələ bilməyən ahıl insanlara evlərində xidmət edir.
Rayonda sakinləri tibbi müayinəyə cəlb edilən 18 yaşayış məntəqəsi var. Onlardan ikisində - Təklə və Sündü kəndlərində müayinə başa çatıb.
Əhalinin kütləvi pulsuz tibbi müayinəsi davam edir.