REGİONLAR


Qobustanda kənd təsərrüfatı sahəsində uğurlu nəticələr qazanılıb

A+ A

Qobustan, 18 oktyabr, AZƏRTAC

Qobustan rayonunda 2016-cı ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, yığıncaqda rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun məruzəsi dinlənilib, müzakirələr aparılıb. Məruzə və müzakirələrdə doqquz ayın uğurlu nəticələrlə yekunlaşdığı bildirilib. Qeyd olunub ki, hesabat dövründə ümumi məhsul buraxılışı ötən ilin müvafiq dövrünə nisbətən 15,9 faiz artaraq 98 milyon 31,2 min manat təşkil edib. Bu artım kənd təsərrüfatında 18,2 faiz, o cümlədən bitkiçilikdə 23,9 faiz, heyvandarlıqda 15,5 faiz olub.

Məruzə və çıxışlarda vurğulanıb ki, Qobustan aqrar rayondur, ümumi məhsul buraxılışında bu sahənin xüsusi çəkisi 45 faizdir. Cari mövsümdə 24645 hektar sahədən 55 min 43 ton taxıl istehsal edilib.

Aqrar sektorda aparıcı sahələrdən olan heyvandarlıqda da diqqətəlayiq nəticələr əldə edilib. Mal-qaranın və davarların baş sayı artıb, heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Bu müddətdə ət istehsalı 2,2 faiz artaraq 4425 tona, süd istehsalı 2,3 faiz artaraq 13264 tona çatıb. Yun və yumurta istehsalı da çoxalıb.

Məruzə və çıxışlarda rayonda tikinti-quruculuq və abadlıq işləri sahəsində bir sıra layihələrin həyata keçirildiyi bildirilib. Belə ki, Qobustan şəhərində 100 yerlik uşaq bağçası-körpələr evi inşa edilib, inventar və avadanlıqlarla tam təmin olunub. Yataq əlili olan Zümrüd Kərimova üçün 2 otaqlı yaşayış evinin, üç nəfər Qarabağ müharibəsi əlili və bir şəhid ailəsi üçün fərdi mənzillərin, Cəmcəmli kəndində tibb məntəqəsinin, 50 çarpayılıq mərkəzi xəstəxananın və s. tikintisi davam etdirilir.

Respublikamızın digər bölgələri kimi Qobustan rayonunun da Prezident İlham Əliyevin qayğısı ilə əhatə olunduğunu vurğulayan natiqlər bu il dövlətimizin başçısının sərəncamları ilə 15 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisinin başa çatdırılması, Təklə Mirzəbaba kəndində 1 ədəd subartezian quyusunun qazılması üçün maliyyə vəsaitinin ayrıldığını bildiriblər.

Hesabat yığıncağında təhsil, səhiyyə və mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin su təchizatı, elektrik enerjisi və təbii qazla normal təminatı istiqamətində görülən işlərdən də danışıb. Vurğulanıb ki, artıq rayon əhalisinin 93 faizi təbii qazdan istifadə edir.

Məruzə və çıxışlarda qarşıda duran vəzifələr də geniş müzakirə olunub. Qeyd edilib ki, rayonda əlavə olaraq 1600 hektar sahəni əkin dövriyyəsinə cəlb etmək imkanları var. Bu isə taxıl istehsalının 50 faizədək artırılmasına imkan verər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.