CƏMİYYƏT
Qobustandan qaçırılan maşın Şamaxıda saxlanılıb
Bakı, 19 iyul, AZƏRTAC
İyulun 19-na keçən gecə Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi”nə Qobustan qəsəbəsi ərazisində avtomobili qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar hadisə yerinə gələn Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 11-ci polis bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu müvafiq araşdırmalar aparıb.
Məlum olub ki, saat 01 radələrində Nəsimi rayonu ərazisində Balakən rayon sakini Elçin Dəmirovun idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində oturan naməlum şəxs Qobustan qəsəbəsinə gedəcəyini bildirib. Qəsəbə ərazisinə çatanda həmin şəxs ona pul verməli olan bir nəfərin başqa bir avtomobildə gözlədiyini deyib, içkili olduğundan özünün düşə bilməyəcəyini, sürücüdən pulu həmin adamdan götürməsini xahiş edib.
E.Dəmirov maşından düşən kimi həmin şəxs avtomobili sürərək aradan çıxıb. Aldadıldığını və maşınının qaçırıldığını görən zərərçəkmiş polisə müraciət edib.
Əməliyyat qrupu məlumatı aidiyyəti üzrə ötürüb və maşının saxlanılması üçün təxirəsalınmaz tədbirlərə başlanılıb.
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Şamaxı rayonu ərazisində saxlanılıb, onu qaçırmaqda şübhəli bilinən şəxslə birgə 11-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.
Araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum edilən Bakı şəhər sakini Elnur Baxışov olması müəyyən edilib.
Faktla əlaqədar Qaradağ RPİ-nin istintaq şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.