REGİONLAR


Qobustanın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin böyük hissəsi görülüb

A+ A

Bakı, 5 avqust, AZƏRTAC

Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə yetirilib.

“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərininin yenidən qurulması” layihəsi 2030-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində 11,7 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində Qobustan rayonunun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd kəndlərinə də içməli su veriləcək. Ümumilikdə layihədən 14 minədək sakin faydalanacaq.

İnşasına 2015-ci ilin may ayının 10-da başlanan layihə çərçivəsində 6 ədəd subartezian quyusu qazılıb, ümumi uzunluğu 1055 metr olan quyulararası xəttin 550 metrlik, 7,2 kilometr magistral xəttin isə 6,9 kilometr hissəsində işlər başa çatıb. Daşarası və Nərimankənd kəndlərində ümumi tutumu 2 min kubmetr olan 4 su anbarında isə tikinti işləri davam etdirilir.

Şəhər üzrə layihələndirilmiş 61,4 kilometr içməli su şəbəkənin 37 kilometrlik hissəsində işlər başa çatdırılıb, 850-yə yaxın evə birləşmə verilib. Eyni zamanda, 59,2 kilometr kanalizasiya şəbəkəsinin 46,8 kilometrlik hissəsində işlər yekunlaşıb, şəbəkə üzərində 1060 ədəd kanalizasiya baxış quyusu inşa edilib, 1653 ünvana birləşmə verilib. Qobustan şəhərində tullantı suların təmizlənib zərərsizləşdirməsi şəhərin kənarında inşa ediləcək və məhsuldarlığı sutkada 2 min 500 kubmetr olan tullantı sutəmizləyici qurğuda həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Qobustan şəhəri ilə yanaşı, Naftalan, Xaçmaz, Xızı, Qusar şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Naftalan şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb, tullantı sutəmizləyici qurğunun inşasına hazırlıq gedir. Qusarda su və kanalizasiya sistemlərinin tikintisi üzrə işlər yekunlaşmaq ərəfəsindədir. Xaçmaz və Xızıda isə içməli su və kanalizasiya sistemlərinin inşası işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.