CƏMİYYƏT
Qocalıq güclü intellekt qarşısında geri çəkilir
Bakı, 28 iyul. AZƏRTAC
Artıq ikinci yüzillikdir ki, dünya elmi insanın gəncliyini uzatmağın sirri üzərində baş sındırır. AZƏRTAC “svopi.ru” saytına istinadla xəbər verir ki, Böyük Britaniya Kardioloqları Assosiasiyasının üzvü olan alimlər sensasiyalı kəşf ediblər. Sən demə, qocalıq yüksək intellekt qarşısında geri çəkilir.
Tədqiqatçılar bu kəşfi təsdiq etmək üçün bir neçə min nəfər müxtəlif yaşlı kişi və qadını cəlb ediblər. Məlumdur ki, insan orqanizmində qocalma prosesinin yavaşımasına və sürətlənməsinə telomerlər deyilən müəyyən DNT hüceyrələri məsuliyyət daşıyır. İnsan yaşa dolduqca onların sayı azalır.
Eyni yaşda olan insanların telomerlərinin sayı bir-birindən o qədər fərqlənib ki, onları müqayisə edən alimləri mat qoyub. İntellekt səviyyəsi yüksək olan fərdin telomerlərinin sayı da çox olub. Başqa sözlə desək, intellekti yüksək olanlar xeyli cavan görünüblər. Alimlər sadə məntiqi nəticə çıxarıblar: qocalıq intellektdən “qorxur”.