MƏDƏNİYYƏT
“Qolos muzıki” layihəsində MDB ölkələrinin və Azərbaycanın Gənclər Simfonik orkestrlərinin konserti
Bakı, 23 may, AZƏRTAC
Mayın 27-də Bakıda MDB iştirakçı ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə MDB ölkələrinin və Azərbaycanın Gənclər Simfonik orkestrlərinin birgə qala-konserti olacaq. Konsert Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində fəaliyyət göstərən Opera Studiyasının konsert zalında baş tutacaq.
BMA-dan AZƏRTAC-a bildirilib ki, konsertdə hər iki simfonik orkestrə beynəlxalq müsabiqələr laureatı və Moskvanın “Novaya opera” teatrının dirijoru Vasili Valitov rəhbərlik edəcək. Qala-konsertin proqramında solistlər - beynəlxalq müsabiqələr laureatları Larisa Bunakova (fortepiano), Anna Savkina (violin), həmçinin Rusiyanın “Bolşoy teatr” gənclər opera proqramının artistləri Vasilisa Berjanskaya (mezzo-soprano), Utarida Merzamova (soprano) və İlya Kutyuxinin (bariton) ifalarında müxtəlif ölkələrin bəstəkarlarının əsərləri səslənəcək.
Qeyd edək ki, MDB ölkələrinin Gənclər Simfonik Orkestrinin debüt konserti Rusiyanın, Qazaxıstanın və Tatarıstanın Xalq Artisti, görkəmli dirijoru Fuad Mənsurovun rəhbərliyi altında 2007-ci il noyabrın 12-də Astana şəhərində MDB ölkələrinin Yaradıcı və Elmi Ziyalıların II Forumunda baş tutub. Müxtəlif illərdə bu orkestr Yuri Simonov, Vladimir Spivakov və Mark Qorenşteynin dirijorluğu ilə çıxış edib. MDB ölkələrinin bir neçə gənc nəsil musiqiçiləri peşəkar fəaliyyətə məhz bu kollektivin sayəsində və dəstəyi ilə başlayıblar.
Rusiyanın L.Nikolayev adına Yeniyetmələr Simfonik Orkestri MDB ölkələrində V.Valitovun dirijorluğu və bədii rəhbərlik etdiyi Gənclər Simfonik Orkestrinin baza kollektivi hesab olunur.
Bakıda MDB Gənclər Simfonik Orkestrinin qastrol turunda baza kollektivi timsalında Fuad İbrahimovun bədii rəhbərliyi və baş dirijorluğu ilə Azərbaycanın Gənclər Simfonik Orkestri çıxış edir.