SİYASƏT
Qondarma separatçı rejimin “başçısı”nın Londona səfəri azərbaycanlı fəalların etirazı ilə qarşılanıb VİDEO
London, 8 iyul, AZƏRTAC
Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin iyulun 8-də Londondakı “Chatham House” – Kral Beynəlxalq Münasibətlər İnstitutuna gəlişi azərbaycanlı fəalların etirazı ilə qarşılanıb.
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilən etiraz aksiyasında azərbaycanlı tələbələr, icma üzvləri, o cümlədən bu məsələdə azərbaycanlılarla həmrəy olan Böyük Britaniya, Türkiyə və digər ölkələrdən olan etirazçılar iştirak ediblər. Etiraz aksiyası Azərbaycan və Böyük Britaniya mətbuatında geniş işıqlandırılıb.
“Dağlıq Qarabağ: Daxili inkişaf və regional problemlər” mövzusunda “Chatham House”da keçirilən müzakirələrdən əvvəl və sonra ardı kəsilmədən bu şüarlar səsləndirilib: “Saakyan, Qarabağ Azərbaycanındır!”, “Biz ədalət istəyirik – Nə zaman istəyirik? İndi istəyirik!”
Saakyan binanı tərk edərkən etirazçılar onu bu şüarla qarşılayıblar: “Saakyan – müharibə cinayətkarı!” Bununla onlar bildirməyə çalışıblar ki, onun rəhbərlik etdiyi separatçı rejimin işğalçılıq siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evlərinə qayıtmasına imkan verilmir.
Dünya şöhrətli amerikalı fotojurnalist Ed Kaşinin Azərbaycandakı məcburi köçkün düşərgələrində çəkdiyi təsirli fotoşəkilləri sərgiləyən rəqəmsal avtomobil furqonu regionda erməni militarist siyasətinin insanlığa vurduğu zərbəni nümayiş etdirirdi. Həmin furqon debat zamanı “Chatham House”un binası qarşısında dayanıb, sonra isə mərkəzi London turuna çıxıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı komandir müavini, işğal olunmuş ərazilərdə 2001-2007-ci illərdə “təhlükəsizlik xidmətinin rəhbəri” olmuş B.Saakyanın radikal platformadan çıxış etməsi tərəflər arasındakı sülh danışıqlarının inkişafını ləngitməkdə mühüm rol oynayıb. O, 2007-ci ildən bəri qondarma rejimin “rəhbəri”dir və dəfələrlə Dağlıq Qarabağın tam müstəqilliyinin tanınmasına nail olacağına söz verib.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London