İQTİSADİYYAT


Qordon Birrell: "Şahdəniz-2" layihəsi üzrə işlərin 77 faizi tamamlanıb

A+ A

Bakı, 7 sentyabr, Elvira Məmmədova, AZƏRTAC

"Şahdəniz-2" layihəsi üzrə aparılan işlərin 77 faizi tamamlanıb. Bu nəhəng layihənin tikintisi sürətlə irəliləyir və 2018-ci ilə planlaşdırılan ilk qazın nəqli üçün qrafikə uyğun davam edir.

AZƏRTAC xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell sentyabrın 7-də BP şirkətində keçirdiyi brifinqdə deyib. O qeyd edib ki, “Cənub Qaz Dəhlizi” (“Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), TANAP və TAP) dünyanın ən böyük enerji layihələrindən biridir. Bu dəhliz ilk dəfə olaraq Xəzərdəki ehtiyatları birbaşa Avropanın qaz bazarları ilə bağlayacaq. Bu layihə Avropanın daxili təchizat həcmlərinin azaldığı bir vaxtda həmin bazara yeni qaz mənbəyi təklif edir və ona öz enerji strukturunu şaxələndirmək imkanı verir. Azərbaycan bu layihədən əhəmiyyətli dərəcədə faydalanacaq – artan qaz hasilatı Azərbaycanın iri regional qaz təchizatçısı kimi rolunu gücləndirəcək. Azərbaycan sənayedəki qabaqcıl texnologiyalardan istifadə etməklə, beynəlxalq standartlara uyğun inşa edilmiş yeni obyektlər (quruda), dəniz qurğuları və ixrac infrastrukturu qazanmış olacaq. Ən əsası da, “Cənub Qaz Dəhlizi”ni açmaqla, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas ölkə kimi öz artan nüfuzunu daha da möhkəmləndirəcək.

Layihənin BP-nin əməliyyatçısı olduğu hissələri çərçivəsində bu vaxtadək imzalanmış müqavilələr təxminən 15 milyard dollar həcmindədir. “Şahdəniz-D2” və CQBKG layihələrinin əsas töhfələrindən biri tikinti dövründə minlərlə iş yerinin açılmasıdır. Bu vaxtadək Azərbaycanda bütün əsas müqavilələr üzrə tikinti işlərinə 24 min nəfərdən artıq insan cəlb edilib və onların 80 faizindən çoxu Azərbaycan vətəndaşları olub. Layihələrin icrası üçün təxminən 45 milyard dollar sərmayə tələb olunacaq və bu vaxtadək iştirakçı ölkələr boyunca 40 min yeni iş yeri açılıb.

“Şahdəniz Mərhələ 2” (ŞD2) layihəsi çərçivəsində Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçıya ildə 16 milyard kubmetr qaz təchiz edilməsi nəzərdə tutulur. Bu, “Cənub Qaz Dəhlizi” boyunca yerləşən hər bir paytaxt şəhərin qaz ehtiyaclarını ödəmək üçün kifayətdir. İlk qazın nəqli Gürcüstan və Türkiyəyə 2018-ci ildə, Avropaya qaz təchizatı isə 2020-ci ildə gözlənilir. Bu layihənin həyata keçirilməsi üçün 11 şirkətin, yeddi hökumətin və 11 topdan qaz alıcılarının sıx əməkdaşlığı tələb olunur.

Bildirilib ki, inşa edildikdən sonra CQBKG, TANAP və TAP boru kəmərlərindən ibarət olan 3500 kilometr uzunluğa malik “Cənub Qaz Dəhlizi” boru kəmərləri sisteminin ilkin gücü əlavə qaz təchiz etmək məqsədilə təxminən iki dəfə artırıla bilər.

Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin 2036-cı ildən 2048-ci ilədək uzadılması “Şahdəniz” yatağının dərin qatlarındakı ehtiyatların gələcəkdə mümkün işlənməsi üçün yol açır. “Şahdəniz” layihəsi Xəzərdə sualtı hasilat texnologiyası tətbiq edəcək və dünyanın bir sıra ən yüksək debitli quyularını qazmaq üçün qabaqcıl qazma həllərindən istifadə edəcək.

“Şahdəniz-2” layihəsi çərçivəsində ilk qazın nəqlinə və sonradan hasilatın artırılmasına hazırlıq məqsədilə “Heydər Əliyev” və “İstiqlal” qazma qurğularından istifadə etməklə artıq on istismar quyusu qazılıb. Qazma əməliyyatları planlaşdırılmış sabit ən yüksək hasilat səviyyəsinə çatmaq üçün tələb olunan bütün quyular qazılanadək davam etdiriləcək.

Layihə işləri ölkənin bütün istehsalat-quraşdırma sahələrində, dənizdə və quruda yerləşən bütün sahələrdə, o cümlədən Səngəçal Terminalında, Bakı yaxınlığındakı ATA (AMEC/Tekfen/Azfen) tikinti-quraşdırma sahəsində, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda və boru kəməri marşrutu boyunca davam edir. Səngəçal Terminalında əlavə qaz həcmlərini qəbul və emal edə bilmək məqsədilə genişləndirilmə işləri də plan üzrə davam edir.

Dənizdə “İsrafil Hüseynov” borudüzmə barjı Şimal Cinahdakı quyu qrupundan platforma sahəsinə gedən birinci Şahdəniz axın xəttinin mürəkkəb quraşdırma işlərini başa çatdırıb. Barj hazırda digər axın xəttinin quraşdırılmasını həyata keçirir və bunun ardınca Qərb Cinahına yollanaraq, orada da iki axın xətti quraşdıracaq.

Azərbaycan və Gürcüstan ərazilərində boru kəməri marşrutu boyunca CQBKG-nin tikinti işləri qrafikə uyğun davam edir. Ümumilikdə, tikinti işlərinin 40 faizi artıq tamamlanıb.

Q.Birrell, həmçinin təlim, təhsil, sosial, mədəni irsin inkişafı və digər layihələr üzrə görülmüş işlərdən danışıb, jurnalistlərin suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.