REGİONLAR
Qovlar-Alakol-Ağacqala-Sarıtala avtomobil yolunun tikintisinə başlanılıb VİDEO
Bakı, 5 may, AZƏRTAC
“Azəravtoyol” ASC tərəfindən Tovuz rayonunun Qovlar-Alakol-Ağacqala-Sarıtala avtomobil yolunun tikintisinə başlanılıb.
“Azəravtoyol”un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Qovlar-Alakol-Ağacqala-Sarıtala avtomobil yolunun tikintisi işləri Prezident İlham Əliyevin 19 fevral 2016-cı il tarixli imzaladığı Sərəncamla “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
50 kilometr uzunluğunda mövcud avtomobil yolu 4-cü texniki dərəcəlidir, çınqıl və torpaq örtüklüdür. Layihə çərçivəsində ilkin mərhələdə yolun Əyyublu-Alakol kəndləri arasında olan 17 kilometrlik hissəsinin 3-cü texniki dərəcəyə uyğun salınması nəzərdə tutulub. Digər mərhələlərdə isə yolun qalan hissələrinin tikintisi aparılacaq.
Layihə çərçivəsində tikintisi aparılan 2 hərəkət zolaqlı yolun torpaq yatağının eni 12 metr, bərkidici zolaq da daxil olmaqla hərəkət hissəsinin eni 8 metr, hər iki istiqamət üzrə çiyinlərin eni 2 metr təşkil edəcək. Həmçinin 17 kilometrlik hissəyə 2 qat olmaqla 135 min kvadratmetr yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
Aparılan tikinti işləri zamanı Zəyəmçay üzərində yerləşən körpü də əsaslı təmir olunacaq. Sözügedən körpünün uzunluğu 74 poqonmetr, eni 11 metrdir. Əsaslı təmir zamanı körpüdə hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri yaradılacaq, körpünün kənarlarına 148 poqonmetr məhəccərlər və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə səki ilə yolun hərəkət hissəsi arasında 148 poqonmetr təkərqaytaranlar quraşdırılacaq.
Bundan başqa, tikinti işlərinin aparıldığı 17 kilometrlik hissədə 16 yeni suötürücü boru tikiləcək, əkin sahələrinə suların ötürülməsi üçün avtomobil yolunun altından 46 yerdə borular qoyulacaq.
Hazırda layihəyə uyğun olaraq torpaq işləri görülür, yol 1 metr dərinlikdə qazılır və yol yatağı ilə yol əsasının tikintisi işləri aparılır.
Tikinti işləri ilə bağlı əraziyə lazımi sayda canlı qüvvə və yol texnikası cəlb olunub.
Avtomobil yolunun tikintisi ilə 16 yaşayış məntəqəsinin 50 min nəfərə yaxın əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.