REGİONLAR
Qoz və şabalıd bağlarında məhsuldarlıq ötən illə müqayisədə daha çoxdur
Qəbələ, 1 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayonunun kəndlərində qoz və şabalıd yığımına başlanılıb.
AZƏRTAC xəbər verir ki, məhsulun vaxtında və itkisiz toplanılması üçün bağlarda iməciliklər təşkil olunur. Kəndlilər cari ildə 386 hektar şabalıd və 156 hektar qoz bağında bol məhsul yetişdiriblər. Mütəxəssislərin sözlərinə görə, bu il havanın əlverişli olması və ağaclara lazımi aqrotexniki qulluğun göstərilməsi onu deməyə əsas verir ki, məhsuldarlıq ötən illə müqayisədə daha çox olacaq. Kəndlilər topladıqları məhsulu öz həyətlərində münasib qiymətə müştərilərə satırlar.
Rayonda kənd əhalisinin əsas gəlir mənbəyi hesab olan qoz və şabalıd bağlarının genişləndirilməsi üçün hər il ardıcıl tədbirlər görülür. Fermerlər son bir ildə 20 hektar sahədə yeni şabalıd və 32 hektar qoz bağları salıblar. Ötən il bağbanlar 321 ton qoz, 390 ton şabalıd əldə ediblər.