İQTİSADİYYAT
Qrant layihəsindən əlavə sahibkarlıq fəaliyyəti həyata keçirilənlər vergi ödəməlidirlər
Bakı, 31 iyul, Ramiz Quliyev, AZƏRTAC
Fiziki şəxs sadələşdirilmiş vergiödəyicisidirsə, qrant layihəsi ilə bağlı onun hansı vergi öhdəlikləri yaranır?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, sadələşdirilmiş verginin ödəyicisi olan Azərbaycan Respublikasının resipiyentləri (qrant alan şəxs) tərəfindən qrant alınması haqqında müqavilələr (qərarlar) qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlarda qeydiyyata alınmadığı halda və ya bu vəsaitlərdən gəlir götürmək məqsədilə istifadə edildikdə həmin vəsaitlər qrant sayılmır və Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada sadələşdirilmiş vergiyə cəlb edilir.
Qrant layihəsindən əlavə sahibkarlıq fəaliyyəti həyata keçirildiyi halda, bu fəaliyyət çərçivəsində malların təqdim olunmasından, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlərdən (hasilatdan) Bakı şəhəri istisna olmaqla, digər şəhər və rayonlarda 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilir.