SİYASƏT


Qriqori Karasin: Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya Xəzəryanı ölkələrin dövlət başçılarının görüşündə imzalana bilər

Moskva, 18 may, AZƏRTAC 

Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya Xəzəryanı ölkələrin dövlət başçılarının yaxın vaxtlarda Qazaxıstanda keçiriləcək görüşündə imzalana bilər.

Rusiya xarici işlər nazirinin müavini, dövlət katibi Qriqori Karasin bu fikri “Kommersant” qəzetinə müsahibəsində söyləyib.

Mayın 17-də Həştərxanda Rusiyanın Xəzəryanı ölkələrdəki səfirlərinin müşavirəsi keçirilib. Tədbirin əsas mövzusu Xəzəryanı dövlətlərin prezidentlərinin görüşünə hazırlıq məsələsi olub. Q.Karasin bildirib ki, müşavirədə mövcud şərait hərtərəfli təhlil edilib. O deyib: “Əsas nəticə konvensiya üzərində işi real tamamlamaq və Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanda keçiriləcək beşinci sammitində həmin sənədi imzalamaqdır”.

Nazir müavinin sözlərinə görə, sammitin keçiriləcəyi tarix hələ müəyyən edilməyib. Q.Karasin vurğulayıb: “Gələcək konvensiyasının müddəalarının mütləq əksəriyyəti artıq razılaşdırılıb. Bu sənəddə bütün Xəzəryanı ölkələrin tələbləri ahəngdar şəkildə tarazlaşdırılıb, onlardan heç birinin mili maraqlarına toxunulmur. Konvensiya Xəzərdə təhlükəsizlik zonasının, müəyyənliyin və mehriban qonşuluğun qorunub saxlanmasına zəmanət verir; iqtisadiyyat, energetika və nəqliyyat sahələrində qarşılıqlı faydalı layihələrin inkişaf etdirilməsi üçün əlverişli şərait yaradır; gəmiçilikdə və təbiətin istifadəsində, o cümlədən balıq ovu və bioloji resursların ortaq ehtiyatlarının idarə edilməsi, elmi araşdırmalar aparılması sahələrində anlaşıqlı rejimləri təmin edir. Bu, Xəzər regionunda – həm Rusiyada, həm də digər ölkələrdə yaşayan milyonlarla insanın arzu və istəklərinə uyğundur”.

Q.Karasin izah edib ki, danışıqlarda həm neft və qaz hasil edən beş ölkənin əsas iqtisadi ehtiyacları, həm də karbohidrogenlərin boru kəmərləri ilə nəql edilməsi nəticəsində Xəzərin ətraf mühitinə dəyə biləcək ziyana görə ümumi narahatlıq nəzərə alınmaqla sualtı boru kəmərləri çəkilişinin hamı üçün məqbul formulası işlənib hazırlanır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.