MƏDƏNİYYƏT
Qriqori Leps: “Jara” Azərbaycanın yüksək səviyyəli qonaqpərvərliyinin tərənnümüdür
Bakı, 28 iyul, AZƏRTAC
“Jara” festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, çoxsaylı yerli musiqisevərləri məşhur ulduzlarla yaxından təmas qurmaq imkanı yaradır. Xəzərin sahilində təşkil edilən festival üçün hər kəsə təşəkkür edirəm.
Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində “Jara” festivalının təşkilatçılarından biri, Rusiyanın Əməkdar Artisti Qriqori Leps söyləyib.
Festivalın yüksək səviyyəli qonaqpərvərliyin tərənnümü olduğunu deyən Qriqori Leps Azərbaycan tamaşaçısının musiqi zövqünü xüsusi vurğulayıb. “Bizə hər cür şərait yaradılıb. Azərbaycan mətbəxinin ləziz yeməklərinə heyranam. İncə detala qədər hər bir xidmət xüsusi düşünülüb. Repertuarımdan yeni mahnı səsləndirməklə tamaşaçılara xoş ovqat bəxş etməyə çalışacağam. Hər səfərimdə Bakının sürətli inkişafının şahidi oluram. Mən şəhəri tanıya bilmirəm. Bu, məni sevindirir”, - deyə müsahibimiz bildirib.
Böyük rəğbətlə qarşılanan “Jara” festivalının həm də Azərbaycan-Rusiya humanitar əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyini vurğulayan Qriqori Leps builki proqramın çox zəngin olduğunu, musiqisevərlərin qarşıdakı günlərdə tanınmış ulduzların maraqlı konsert proqramından xüsusi zövq alacağına əminliyini qeyd edib.