İDMAN
Qrossmeysterimiz əvvəlki kimi FIDE Qran-Prisi mərhələsinin lideridir
Bakı, 15 iyul, AZƏRTAC
Azərbaycan qrossmeysteri Teymur Rəcəbov İsveçrənin Cenevrə şəhərində keçirilən FIDE Qran-Prisi mərhələsinin finişinə bir tur qalmış turnir cədvəlində liderliyini qoruyub saxlayır. İyulun 14-də Rusiya təmsilçisi Aleksandr Ryazantsev ilə qara fiqurlarla heç-heçə oynayan Teymurun aktivində 5,5 xal var.
AZƏRTAC xəbər verir ki, T.Rəcəbovun əsas rəqibləri Aleksandr Qrişşuk və Yan Nepomnyaşşidir (hər ikisi Rusiya). Bu qrossmeysterlər liderdən yarım xal geri qalırlar. A.Qrişşuk növbəti turda Azərbaycanın digər nümayəndəsi Şəhriyar Məmmədyarovla heç-heçə oynayıb, Yan Nepomnyaşşi ağ fiqurlarla Levon Aronyanı məğlub edib.
Səkkizinci turun digər görüşlərində Li Çao (Çin) Pentala Harikrişnaya (Hindistan), Maykl Adams (İngiltərə) Rihard Rapporta (Macarıstan), Aniş Giri (Hollandiya) Hou İfana (Çin) qalib gəliblər, Boris Gelfand (İsrail) - Pavel Elyanov (Ukrayna), Dmitri Yakovenko - Ernesto İnarkiyev (hər ikisi Rusiya), Salem Saleh (BƏƏ) - Pyotr Svidler (Rusiya) görüşləri heç-heçə başa çatıb.
Səkkiz turdan sonra turnir cədvəlində vəziyyət: T.Rəcəbov (5,5 xal), A.Qrişşuk, Y.Nepomnyaşşi (hər biri 5 xal), Ş. Məmmədyarov, P.Harikrişna, L.Çao, M.Adams, A.Ryazantsev, A.Giri (hər biri 4,5 xal), B.Gelfand, P.Svidler, P.Elyanov, D.Yakovenko (hər biri 4 xal), L.Aronyan, E.İnarkiyev (3,5 xal), H.İfan (2,5 xal), S.Salem, R.Rapport (2 xal).
İyulun 15-də sonuncu doqquzuncu turda aşağıdakı görüşlər keçiriləcək: Y.Nepomnyaşşi-T.Rəcəbov, A.Giri-A.Qrişşuk, Ş.Məmmədyarov-L.Çao, A.Ryazantsev-M.Adams, P.Harikrişna-D.Yakovenko, E.İnarkiyev-B.Gelfand, P.Svidler-H.İfan, P.Elyanov-R.Rapport, L.Aronyan-S.Salem.
Mərhələ yarışı iyulun 15-də başa çatacaq.