QAN YADDAŞI
“Qruziya Online”: Dünya azərbaycanlıları Xocalı faciəsi qurbanlarının xatirəsini yad edir
Tbilisi, 26 fevral, AZƏRTAC
Gürcüstanın “Qruziya Online” portalı Azərbaycanın bu ölkədəki səfirliyinin mətbuat üçün açıqlamasına istinadən Xocalı soyqırımından bəhs edən “Dünya azərbaycanlıları Xocalı faciəsi qurbanlarını yad edir” sərlövhəli məqalə yayıb.
Məqalədə deyilir ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Azərbaycanın Xocalı şəhərinə hücum edib və şəhər əhalisi üzərində soyqırımı həyata keçiriblər. Nəticədə 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib, onlardan 106-sı qadın, 63 –ü uşaq, 70-i qocalar olub, 8 ailə tamamilə məhv edilib.
Hər il fevral ayının 26-da dünya azərbaycanlılarının Xocalı faciəsi qurbanlarının xatirəsini ürək ağrısı ilə yad etdikləri bildirilən məqalədə oxucuların diqqətinə çatdırılır ki, azərbaycanlılar bu qətliamla bağlı əsl həqiqətlərin dünyaya çatdırılması üçün səfərbər olurlar. Bunun nəticəsidir ki, bu gün Pakistan, Meksika, Kolumbiya, Peru və digər ölkələr, habelə ABŞ-ın Massaçusets, Texas, Nyu-Meksiko, Arkanzas kimi ştatları azərbaycanlıların səsinə səs verərək bu qətliamı azərbaycanlıların soyqırımı kimi tanıyıblar. BMT-dən sonra nüfuzuna görə dünyada ikinci olan İslam Əməkdaşlıq Təşkilatı Xocalı qətliamını soyqırımı kimi qəbul edib və insanlığa qarşı cinayət adlandırıb. Eləcə də azərbaycanlıların Ağ Evin rəsmi internet saytında açdığı petisiyada 100 mindən çox səs toplanıb.
Məqalədə vurğulanır ki, dünya ictimaiyyəti Xocalı faciəsi barədə əsl həqiqətləri yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bilib. 1994-cü il martın 1-də Prezident Heydər Əliyev Xocalı soyqırımı ilə əlaqədar xüsusi Fərman imzalayıb. Azərbaycan parlamentinin qərarı ilə 26 fevral tarixi “Xocalı soyqırımı günü və milli matəm günü” elan edilib və bu barədə bütün dünya ictimaiyyəti məlumatlandırılıb.
Yazıda, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyasının önəmindən də söz açılır, bu kampaniyanın 2010-cu ildən Gürcüstanda da keçirildiyi diqqətə çatdırılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi