REGİONLAR
Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır VİDEO
Bakı, 24 avqust, AZƏRTAC
Avtonəqliyyat vasitələrinin və vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində Quba-Xaçmaz avtomobil yolunda “Azəravtoyol” ASC tərəfindən təmir-bərpa işləri aparılır.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna çıxışı təmin edən sözügedən yolun ümumi uzunluğu 22 kilometr təşkil edir. Yolun 5,5 kilometrlik hissəsinə artıq yeni asfalt-beton örtüyü döşənib, digər hissələrdə isə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənməsi, yararsız qruntun qazılaraq çıxarılması və yerinə yararlı material tökülərək kipləşdirməsi işləri aparılır, yeni asfalt örtüyünün döşənməsi üçün hazırlıq görülür.
Ümumilikdə yola 2 qat olmaqla 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənir. İşlər zamanı yolun 12 kilometrində yerləşən körpünün də təmir olunması nəzərdə tutulub. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərə 52 ədəd yol nişanı quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.
Quba-Xaçmaz avtomobil yolunun bərpa olunması ilə 7 yaşayış məntəqəsinin on minlərlə sakininin gediş-gəlişi rahatlaşacaq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış təmin olunmaqla yük və sərnişin daşınması xeyli asanlaşacaq.