REGİONLAR
Quba-Xaçmaz iqtisadi rayonunda 45 sahibkara 622 min manat güzəştli kredit verilib
Bakı, 28 iyul, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun iyulun 28-də Qusar rayonunda keçirdiyi növbəti işgüzar forumda Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 45 sahibkara 622 min manat güzəştli kredit verilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kreditlər əsasən, heyvandarlıq, quşçuluq, taxılçılıq, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Qusarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.
Forumda Qusar rayonunun iqtisadi potensialının reallaşdırılmasında prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, intensiv bağçılıq, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, meyvə emalı və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütün hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövründə 1423 sahibkara 77,2 milyon manata yaxın güzəştli kreditin ayrılmasını diqqətə çatdırıb.
Forum çərçivəsində Qusarda güzəştli kreditlərdən istifadə etməklə inşa olunmuş gündəlik 16 ton çörək istehsal etmək gücündə olan zavoda və intensiv bağçılıq təsərrüfatına baxış keçirilib.
Qeyd edək ki, ümumilikdə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən gündəlik istehsal gücü 825 ton olan 28 çörək istehsalı müəssisəsinin təşkilinə 52,1 milyon manat, 1956 hektar ərazidə 23 intensiv bağçılıq və tingçilik təsərrüfatlarının yaradılmasına 37,5 milyon güzəştli kredit verilib.