REGİONLAR


Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 46 sahibkara güzəştli kredit verilib

A+ A

Şabran, 13 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Oktyabrın 13-də Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 46 sahibkara 633 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, arıçılıq, tərəvəzçilik, bağçılıq, mebel istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 90 yeni iş yerinin açılması mümkün olacaq.

AZƏRTAC xəbər verir, güzəştli kreditlər İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şabran şəhərində keçirilən işgüzar forum çərçivəsində təqdim edilib.

Forumda qeyd olunub ki, Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Şabranda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.

Doxsana yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şabran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri taxılçılıq, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, çörək istehsalı müəssisəsinin və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Həmçinin kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövründə 1843 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 122 milyon manat güzəştli kredit verilib. İndiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 min 277 investisiya layihəsinin maliyyələşdirilməsinə 183,7 milyon manat güzəştli kredit ayrılıb.

Forum çərçivəsində Şabranda güzəştli kredit ayrılmış tutumu 10 min ton olan logistik mərkəzə baxış keçirilib.

Ümumilikdə indiyədək tutumu 333,4 min ton olan 51 logistik mərkəzin yaradılmasına 162,6 milyon manat güzəştli kredit verilib. Bu logistik mərkəzlər əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, istehsal olunan meyvə-tərəvəzin tədarükü, saxlanmasında mühüm rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.