REGİONLAR


Quba-Xınalıq turizm marşrutu turistlər arasında ən populyar səyahət istiqamətlərindəndir - REPORTAJ VİDEO

Quba, 7 avqust, Elxan Yusifli, AZƏRTAC

Quba-Xınalıq turizm marşrutu ölkəmizin şimal bölgəsinə gələn turistlər arasında ən populyar səyahət istiqamətidir.

AZƏRTAC xəbər verir ki, əsrarəngiz təbiət mənzərələrinə malik Qəçrəş meşələri, dağ yamacı boyunca axan bolsulu Qudyalçay, Qafqaz dağlarının sıldırım qayalıqları arasındakı füsunkar gözəlliklər və unikallığı ilə bütün dünyada tanınan qədim Xınalıq kəndi turistləri bura cəlb edir. Bununla yanaşı, Quba rayonunun Azərbaycan paytaxtına məsafə baxımından yaxın region olması da turist axınında böyük rol oynayır.

Quba-Xınalıq istiqamətinin ilk dayanacağı - Qəçrəş meşəsi

Qəçrəş kəndi rayon mərkəzindən təxminən 10 kilometr məsafədə yerləşir. Bu kəndin girişindəki meşə zolağı ölkəmizdə məşhurdur. Turistlər həm yay aylarında, həm də qışda Qəçrəş meşəsinin mənzərəsini izləməkdən zövq alırlar. Hər tərəfdən meşə ilə örtülən kənddə çoxlu sayda təbii bulaq var.

Yerli turist İdris Zeynalov hər il yay aylarında Qubaya dincəlməyə gəldiklərini bildirib. “Məsafə yaxın olduğundan həftəsonları bura gəlib istirahət etmək üçün əla imkan var. Qubada dağları, meşəni, çayı görmək olar. Havası da çox sərindir. Yay aylarında istirahət üçün ən gözəl yerdir”, - deyə İ.Zeynalov təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

Quba–Xınalıq turizm marşrutu üzərində ən çox istirahət mərkəzləri də məhz Qəçrəş kəndi ərazisindədir. Rayon iqtisadiyyatının inkişafında bu mərkəzlərin böyük rolu var. Qəçrəş və ətraf ərazilərdə dincəlmək üçün hər büdcəyə uyğun münasib turizm obyekti tapmaq mümkündür.

Belə turizm obyektlərindən birinin inzibatçısı Rəşad Məmmədov deyib ki, bu il əcnəbi turistlərin sayı təxminən 30-40 faiz artıb. Xaricdən Qubaya üz tutan qonaqların əksəriyyəti ərəb ölkələrindəndir. Bunu nəzərə alaraq istirahət mərkəzində ərəb dili bilən bələdçilər işə götürülüb, restoranlarda həmin dildə menyular tərtib olunub: “Bizim istirahət mərkəzindəki oteldə iki nəfərlik otağın birgünlük qiyməti 50 manat, 3 nəfərlik otağın 60, dördnəfərlik otağın isə 80 manat təşkil edir. Bundan başqa, turistlərə hər bir şəraiti olan koteclərimizi də təklif edirik”.

Bolsulu Qudyalçay və Qafqaz dağlarının sıldırım qayalıqları arasındakı füsunkar gözəlliklər

Quba-Xınalıq turizm marşrutu ilə səyahət zamanı turistlər qısa zaman kəsiyində bir neçə dəfə hava şəraitinin dəyişməsini müşahidə edə bilərlər. Çünki bu istiqamətdə hərəkət zamanı qonaqlar Qafqaz dağlarının sıldırım qayalıqları arası ilə kilometrlərlə yol qət edirlər.

Yolun bir hissəsi isə gur axan Qudyalçayın sahili ilə dağ yamacı boyunca uzanır. Bələdçilər bildirirlər ki, Xınalıq kəndinə yollanan turistlərin əksəriyyəti bu möhtəşəm təbiət mənzərələrinə biganə qala bilmir. Onlar yolboyu dəfələrlə avtomobillərini saxlayır, füsunkar təbiətdən zövq alır, video, fotoşəkillər çəkir və çəkdiklərini sosial şəbəkələrdə dostları ilə paylaşırlar. Əksər vaxtlarda səyahətin müddətini uzatmalı olurlar.

Səudiyyə Ərəbistanından gələn Ali Abdurahim artıq üç gündür Qubada dincəlir. Ölkəmiz əcnəbi qonaqda xoş təəssüratlar oyadıb: “Biz burada Səudiyyə Ərəbistanından, Omandan, Qətərdən və başqa ərəb ölkələrindən xeyli turistin olduğunu müşahidə etdik. Əlbəttə, bu insanlar bura təsadüfən gəlməyiblər. Buradakı dağlar, çaylar, təbiət mənzərələri bizim çox xoşumuza gəlir. İstirahət etmək üçün gözəl məkandır”, - deyə A.Abdurahim AZƏRTAC-a müsahibəsində bildirib.

Dincəlmək üçün ölkəmizi seçən Qətər vətəndaşı Abdulaziz Yusif də səfərindən razılıqla danışır: “Bu, mənim Azərbaycana ilk səfərimdir. Eşitdiklərimdən daha gözəl, mənzərəli ölkədir. Qubanın havasını çox bəyəndim. Növbəti illərdə də bura dincəlməyə gələcəyəm”.

Qətərdən olan digər turist Adil Assaiğ də Azərbaycana ilk dəfədir gəlib. Ailəsi ilə birlikdə səyahət edən xarici turist Qubada gördüklərinin onu valeh etdiyini bildirir: “Burada şəlalələr var. Qubanın sərin havası, insanların qonaqpərvərliyi, dadlı yeməklər çox gözəldir”.

Tarixi 5-6 min əvvələ gedib çıxan Xınalıq kəndi

Quba-Xınalıq turizm marşrutu üzrə hərəkət edən turistlərin böyük hissəsi qədim tarixə malik, dağlar qoynunda yerləşən Xınalıq kəndini görməyə gəlir. Burada qonaqlar dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən yaşayış məntəqəsi haqqında ətraflı məlumat alırlar. Quba şəhərindən 57 kilometr cənub-qərbdə yerləşən yaşayış məntəqəsinin tarixi 5-6 min əvvələ gedib çıxır. Xınalıq əhalisinin qədim yunan alimi Strabonun “Coğrafiya” əsərində göstərdiyi, hərəsi öz dilində danışan 26 alban tayfasından biri olduğu güman edilir. Onlar dünyada bənzəri olmayan unikal bir dilə malikdirlər.

Turistlərə ödəniş əsasında nəqliyyat vasitəsi və bələdçi təqdim olunur

Rayona gələn qonaqların çoxluğu nəzərə alınaraq, Quba Turizm İnformasiya Mərkəzi istirahət və bayram günlərində də fəaliyyət göstərir. Turistlərin rayonda istirahətini təmin etmək üçün “qaynar xətt” yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər. Quba Turizm İnformasiya Mərkəzi tərəfindən turistlərə ödəniş əsasında nəqliyyat vasitəsi və bələdçi də təqdim olunur. 

Müraciətlərin çoxluğu nəzərə alınaraq, rayonda mövcud turizm marşrutlarının sayının artırılması nəzərdə tutulur. Yeni marşrutlar əsasən Qubanın tarixi abidələrlə zəngin, əsrarəngiz təbiət mənzərələri ilə seçilən yaşayış məntəqələri istiqamətində müəyyənləşdiriləcək. Hazırda isə Qubaya gələn turistlər 4 turizm marşrutundan faydalana bilərlər. Bunlar Quba-Xınalıq, Quba-Afurca, Quba-Ləzə və Quba-Xanəgah istiqamətlərində olan marşrutlardır.

Hazırda rayonda 40-a yaxın istirahət mərkəzi fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.