REGİONLAR


Quba ilə Qırğızıstanın Kant şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb VİDEO

A+ A

Quba, 6 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Quba ilə Qırğızıstanın Çuy vilayətinin Kant şəhəri arasında qardaşlaşma haqqında memerandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar oktyabrın 6-da Kant şəhərinin meri Erkin Abdraxmanov, şəhər Keneşinin (parlament) sədri Azat Şayldabekov, Keneşin deputatları və başqa rəsmi şəxslərdən ibarət nümayəndə heyəti Qubaya gəlib.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkında rayon rəhbərliyi tərəfindən səmimiyyətlə qarşılanan nümayəndə heyəti burada Ümummilli Liderin abidəsini ziyarət ediblər.

Rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov qonaqlara Qubanın təbiəti, yerli əhalinin etnik tərkibi, adət-ənənələri və aparılan quruculuq işləri barədə ətraflı məlumat verib.

Görüşdə Azərbaycan və Qırğızıstan arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğu, bir çox sahələrdə qarşılıqlı əməkdaşlığın mövcudluğu vurğulanıb.

Daha sonra Kant şəhərinin meri Erkin Abdraxmanov çıxış edərək təmsil etdikləri şəhər haqqında ətraflı məlumat verib. Bildirilib ki, Çuy vilayətinin mərkəzi şəhəri olan Kantda 20 mindən çox əhali yaşayır. Bu şəhər həm də Qırğızıstanda azərbaycanlıların yığcam yaşadığı ərazilərdəndir.

Çıxışlardan sonra Quba ilə Kant arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Memoranduma əsasən mədəni, siyasi, idman və bir çox başqa sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulub.

Qırğızıstandan gələn nümayəndə heyəti dörd gün ərzində Qubada olacaq və oktyabrın 8-də keçiriləcək “Alma bayramı”nda da yaxından iştirak edəcəklər.

Kant şəhərininin rəsmi şəxsləri burada olduqları müddətdə Quba Soyqırımı Memorial Kompleksi, dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbə, Quba Tarix-Diyarşünaslıq Muzeyi, “Qədim Quba” xalçaçılıq müəssisəsi, Xınalıq kəndi və rayonun başqa görməli yerləri ilə də yaxından tanış olacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.