ELM VƏ TƏHSİL
Quba məktəbliləri Nardaranda
Bakı, 28 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinin növbəti iştirakçıları Quba texniki təmayüllü lisey ilə Bakının Nardaran qəsəbəsindəki 295 nömrəli orta məktəb olub.
Bilik Fondundan AZƏRTAC-a verilən məlumata görə, Nardaran məktəbliləri qubalı dostlarını məktəbin bayramsayağı bəzədilmiş həyətində oynaq, şən mahnı və rəqslərlə qarşılayıb, onlara gül-çiçək dəstələri təqdim ediblər.
Nardaran Bilik Evinin və 295 nömrəli orta məktəbin direktoru, deputat Dilarə Cəbrayılova apreldə Qubaya səfərlərinin şagird və müəllimlərin qəlbində silinməz iz qoyduğunu bildirib.
İki məktəbin şagirdlərinin iştirakı ilə 28 May – Respublika Gününə həsr olunmuş tarix dərsi keçirilib. Nardaran və Quba məktəbinin tarix müəlliminin açıq dərsinə şagirdlər də fəal qoşulublar. Bilik yarışında hər iki məktəbin şagirdləri yüksək hazırlıq nümayiş etdiriblər.
Məktəbin iclas salonunda Respublika Gününə həsr olunmuş musiqili-əyləncəli kompozisiya təqdim edilib. Tədbirdə Nardaran və qonşu qəsəbə kəndlərinin icra nümayəndələri, bələdiyyə sədrləri, ziyalılar da iştirak ediblər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov, Dilarə Cəbrayılova və Quba texniki təmayüllü liseyin direktoru Gülzar Əyyubova əlamətdar hadisə münasibətilə tədbir iştirakçılarını təbrik edib, Bilik Fondunun layihələrinin cəmiyyətdə razılıqla qarşılandığını bildiriblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın “Azərbaycanın dünyaya örnək multikultural mənzərəsi” mövzusunda çıxışı maraqla qarşılanıb.
Nardaran və Quba məktəbliləri sonra Park Bulvardakı “Planetarium”da göy cisimlərini seyr edib, bulvarı, Qız qalasını, Şirvanşahlar sarayını, paytaxtın digər görməli yerlərini birlikdə gəziblər.