SİYASƏT


Quba rayonunun nümayəndə heyəti Kant şəhərində yaşayan soydaşlarımızla görüşüb

Bişkek, 22 dekabr, АZƏRTAC

Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstana səfəri çərçivəsində Kant şəhərindəki Azərbaycan məscidində bu şəhərdə yaşayan soydaşlarımızla görüşüb.

Görüşdə Kant şəhərinin meri Erkinbek Abdıraxmanov qardaş Azərbaycan ilə əməkdaşlığın gündən-günə inkişaf etdiyini, Kant ilə Qubanın qardaşlaşmasının xalqlarımızın daha da yaxınlaşmasına kömək edəcəyini söyləyib.

Yaşar Məmmədov həmyerlilərimizin Kant şəhərində əmin-amanlıq şəraitində yaşamalarından və daim Azərbaycanla əlaqə saxlamalarından məmnunluğunu bildirib, Quba rayonu ilə Kant şəhərinin qardaşlaşmasının əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyini deyib.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü barədə məlumat verib, bu bayramın ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu bayram dünyada yaşayan 50 milyona yaxın həmvətənimiz tərəfindən artıq 25 ildir qeyd edilir. Səfir Qırğızıstanda yaşayan 20 minə yaxın azərbaycanlını Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından söhbət açıb.

Görüşdə Qırğızıstanın Əməkdar Həkimi Akif Alaferdov, Əməkdar Nəqliyyat İşçisi Tahir Quliyev və digər ziyalılar çıxış edərək, Quba ilə Kant şəhərinin qardaşlaşmasının tarixi gün olduğunu bildirib, məmnunluqlarını ifadə ediblər.

Səfər çərçivəsində Quba rayonunun nümayəndə heyəti Bişkek şəhəri yaxınlığındakı "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini ziyarət edib, böyük qırğız yazıçı Çingiz Aytmatovun məzarı üzərinə gül dəstələri düzüblər. Nümayəndə heyətinin üzvləri repressiya qurbanlarına həsr olunan muzeyə də baxıblar.

Azərbaycanın nümayəndə heyətinin üzvləri "Kantsüd" süd məmulatları zavodunda iş prosesi ilə maraqlanıb, yeni istifadəyə verilən idman kompleksinə baş çəkiblər.

Sonra Azərbaycanın Qırğızıstandakı səfirliyində keçirilən görüşdə səfərin nəticələri, Quba ilə Kant, həmçinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.