REGİONLAR
“Quba tarixi” kitabının təqdimatı olub
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Quba rayonunda tarix elmləri doktoru, professor Şahin Fazilin “Quba tarixi” kitabının təqdimatı olub.
Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, təqdimat mərasimində Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Bayramova çıxış edərək kitabın önəmindən danışıb.
Sonra professorlar Tofiq Mustafazadə, Kərim Şükürov, İmadəddin Zəkiyev, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, Eynulla Mədətli, Dilavər Əzimli, Quba rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli, şair Ramiz Qusarçaylı və başqaları müəllif və “Quba tarixi” kitabı haqqında fikirlərini bildiriblər.
Müəllif Şahin Fazil kitabın yazılması, onun qaynaqları və məzmunu haqqında ətraflı məlumat verib. O qeyd edib ki, əsərdə IV əsrdən müasir dövrədək Qubada baş verən etnosiyasi, tarixi, ideoloji, diplomatik hadisələr və regionun taleyi ilə bağlı ədəbi-bədii, mədəni proseslər xronoloji ardıcıllıqla verilib. “Quba” istilahının etimologiyasından başlamış Qubada, onun kəndlərində yaşayan əhalinin etnik tərkibi, Azərbaycanın bir parçası kimi əsrlərlə onun yaşadığı çətinlikləri bölüşərək müxtəlif sınaqlardan çıxmağı bacaran insanların yaşam tərzi, fədakarlığı, mədəni və təsərrüfat həyatının təsvirinə qədər çoxsaylı məsələlər əks olunub. Qədim və orta əsrlər dövrü, xanlıqlar mərhələsi, bir-birini əvəz edən tarix aşırımları, xüsusilə günümüzün yeni, ilk addımlarını atan müstəqillik erası faktlar, sənədlərlə oxuculara çatdırılıb.
“Quba tarixi” kitabı “TEAS Press” Nəşriyyat Evi tərəfindən nəfis tərtibatda nəşr olunub. Bu əsərin həm mütəxəssislər, həm də geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanacağına şübhə yoxdur. Kitab tarixçi tədqiqatçılar, tələbələr, Azərbaycan tarixinə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Təqdimat zamanı “TEAS Press” Nəşriyyat Evinin nəşr etdiyi kitabların satış sərgisi də təşkil olunub. Nəşriyyat Evi Quba rayonunun bəzi kənd və məktəb kitabxanalarına “Quba tarixi” kitabını hədiyyə edib.