REGİONLAR


Quba və Qusar tur-aksiya iştirakçılarını qarlı hava ilə qarşılayıb VİDEO

A+ A

Quba, 18 noyabr, Elxan Yusifli, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Ağdaş, Ağsu, Göyçay, Qobustan, Şamaxı, Şəki, İsmayıllı, Qəbələ, Oğuz rayonlarını və Mingəçevir şəhərini təmsil edən ümumtəhsil məktəblərinin şagirdləri noyabrın 18-də Quba və Qusar rayonlarının görməli yerləri ilə tanış olublar. Tur-aksiya iştirakçıları ekskursiya boyunca şimal bölgəsinə yağan qarın sevincini yaşayıblar.

AZƏRTAC xəbər verir ki, şimal bölgəsinə ekskursiyada, ümumilikdə, 400 nəfər IX-XI sinif şagirdi iştirak edir.

Şamaxı, Şəki, İsmayıllı, Qəbələ və Oğuz rayonlarından olan qrupların Qubaya ekskursiyası zəngin memarlıq üslubuna malik Cümə məscidi ilə tanışlıqla başlayıb. Məktəblilərin diqqətinə çatdırılıb ki, məscid 1802-ci ildə tikilib. Dini məbədin tikintisi müəyyən fasilələrlə 10 ilə başa çatdırılıb. Bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir.

Sonra məktəblilər dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbəyə gəliblər. Şagirdlər qəsəbədə salınan Heydər Əliyev parkını gəzib, eləcə də dağ yəhudilərinin ibadət etdikləri sinaqoqla yaxından tanış olublar.

Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarət zamanı tur-aksiya iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Məktəblilərin diqqətinə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Tur-aksiya iştirakçıları şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalça toxunması prosesini izləyiblər. Burada onlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilib.

Günün ikinci yarısında məktəblilər Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya ediblər.

Tur-aksiya iştirakçıları, həmçinin “Rixos Quba Azerbaijan” otel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə yaxından tanış olublar.

Ağdaş, Ağsu, Göyçay, Qobustan rayonlarını və Mingəçevir şəhərini təmsil edən şagirdlərdən ibarət qruplar isə noyabrın 18-də “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan maarifləndirici tur-aksiya çərçivəsində Azərbaycanın şimal qapısı sayılan Qusar rayonuna gəliblər.

Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Qusar şəhərinin girişindəki Bayraq Meydanında qarşılanıblar. Rayon icra hakimiyyətinin, mədəniyyət və turizm, təhsil şöbələrinin nümayəndələri şagirdlərə Qusar rayonu haqqında ətraflı məlumat veriblər.

Sonra tur-aksiya iştirakçıları “Şahdağ” Turizm Mərkəzi ilə tanış olub, Həzrə kəndində “Şeyx Cüneyd” türbəsini ziyarət edib, şəhərdəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar.

Daha sonra şagirdlər Qusar Tarix-Diyarşünaslıq Muzeyi, Olimpiya İdman Kompleksi və rəsm qalereyası ilə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.