REGİONLAR
Quba və Xaçmazda quşlar arasında kütləvi tələfat qeydə alınmayıb
Bakı, 16 aprel, AZƏRTAC
Aprelin 16-da bir sıra kütləvi informasiya vasitələrində Quba və Xaçmaz rayonlarında ev quşları arasında kütləvi tələfatın qeydə alınması barədə məlumat yayılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat daxil olan kimi Quba və Xaçmaz rayon baytarlıq idarələrinin əməkdaşları Qubanın Amsarqışlaq, Barlı, Bağbanlı, Hacıhüseyinli, Alekseyevka, İqrıq, Qam-qam, Rustov, Hacıqayıb, Ərməki, Yelenovka kəndlərində, Dəvədabanı massivi və Zərdabi qəsəbəsində, həmçinin Xaçmaz rayonunun bir çox kəndlərində araşdırmalar aparıblar. Araşdırmalar zamanı kəndlərin heç birində ev quşlarının kütləvi tələf olması faktına təsadüf edilməyib. Yalnız Amsarqışlaq kəndində 4-5 baş tələf olmuş və yerə basdırılmış ev quşunun cəsədi aşkar edilib.
Ərazidə profilaktik və dezinfeksiya tədbirləri, eləcə də araşdırmalar aparılıb və quşlardan müayinə üçün nümunələr götürülərək Quba zona baytarlıq laboratoriyasına göndərilib. Müayinə zamanı quşlarda heç bir yoluxucu xəstəliyin törədicisi müəyyən edilməyib.
Aparılan araşdırmalarla yanaşı, adları qeyd edilən ərazilərdə baytarlıq nəzarəti tədbirləri davam etdirilir.
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatlıq olarsa vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada quşlar və heyvanlar arasında sürətli yoluxucu xəstəliklərdən kütləvi tələfolma halları mövcud deyil və epizootoloji sabitliyə tam nəzarət olunur.