REGİONLAR
Qubada 12 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən yolun tikintisi bu il başa çatacaq
Quba, 11 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qubada 12 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən 4 istiqamətli yolun tikintisi bu il başa çatacaq.
AZƏRTAC xəbər verir ki, rayonun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi artıq yekunlaşmaq üzrədir. Ümumi uzunluğu 33 kilometr olan yolların 20 kilometrinə asfalt döşənib.
13 kilometrlik Rustov-Xanəgah-Gürdəh avtomobil yolunun mövcud 6 kilometrlik hissəsi torpaq örtüklüdür. 7 kilometrlik hissəsində isə dağların və meşələrin arası ilə yeni yol salınır. Artıq yolun 4 kilometrində asfalt işləri başa çatıb.
5,5 kilometrlik Rustov-Bağçalı-Yekdar, 2,5 kilometrlik Rustov-Məckəxacə və 6 kilometrlik Rustov-Nöydün-Şuduq avtomobil yollarının çəkilişi isə davam edir. Mövcud yolların ensiz olması avtomobillərin hərəkəti üçün çətinliklər yaradırdı.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində reallaşan layihəyə əsasən yolun yatağının eni genişləndirilərək 10 metrə çatdırılıb, nəticədə yolun hərəkət hissəsinin eni 6 metr olacaq. Hər iki istiqamət üzrə 2 metr enində çiyinlərin də tikilməsi nəzərdə tutulub.
Aparılan tikinti işləri çərçivəsində Rustov kəndində 2 yeni körpü inşa edilib. Körpülərin birinin uzunluğu 9, digərinin isə 18 metrdir. Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün körpülərdə hər iki istiqamət üzrə piyada səkiləri də qurulub. Daha bir körpünün inşası isə Rustov-Nöydün-Şuduq yolunda aparılır.
Hazırda hər 4 istiqamət üzrə yolların altından suların ötürülməsi üçün ümumilikdə 126 suötürücü boru salınır.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, qış aylarında Quba rayonunda hava şəraitinin şaxtalı keçməsinə baxmayaraq, yolların tikintisi qrafikə uyğun davam etdirilir. Dörd istiqamətdə çəkilən yollar bu ilin sonuna kimi sakinlərin istifadəsinə veriləcək.
Yeni avtomobil yollarının salınması bu ərazidə yaşayan 6 mindən çox əhalinin Quba şəhərinə gediş-gəlişini xeyli asanlaşdıracaq. Yolların tikintisi insanların həyat şəraitinin yaxşılaşması ilə yanaşı, bölgənin turizm potensialının artmasına, eləcə də kənd təsərrüfatının inkişafına da səbəb olacaq.